#10yearschallenge YAZI

16:25 - 19 Yanvar 2019

Son günlər sosial şəbəkələrdə "10 years challenge" adlı yeni trendə demək olar, hamı qoşulur. Futbolumuzu da bu trendə qoşsaq, necə mənzərə yaranacaq?

 

10 il əvvəllə bu günü müqayisə etsək, ölkə futbolunun daha da geri getdiyini görərik. 

 

Premyer Liqada 10 il əvvəl nəzər yetirəndə tam fərqli mənzərə görünür. Həmin vaxt elitada 14 klub çempionluq uğrunda mübarizə aparırdı. Ancaq son üç mövsümdə bu rəqəmlərin sayı 8-ə enib. Artıq əvvəlki kimi stadionlara azarkeşlər gəlmir, səviyyəli legionerlər Azərbaycan çempionatına maraq göstərmir. Lənkəran, İmişli, Mingəçevir, Zaqatala, Tovuz və digər şəhərlər futbolsuz qalıb. “Kəpəz”, “Turan Tovuz” və “Zaqatala”nın başını aşağı liqada qatırlar. Bölgələrdə uşaqlar topsuz qalmağa davam edənə kimi futbol inkişaf edən deyil.

 

 

10 il əvvəl Premyer Liqaya “Xəzər Lənkəran”, “Bakı”, “Simurq”, “Karvan”, “Turan” kimi klublar rəng qatırdı. İndi isə 8 komandalı çempionatda klublar mövsüm ərzində kubok oyunlarını nəzərə almasaq, ən azı 4 dəfə üz-üzə gəlirlər.

 

I Divizionda isə 10 il öncə 8 klub mübarizə aparırdı. İndi bu say 14-dür. Ancaq indi əvəzedicilərlə aşağı dəstə birləşib. Divizion klublarının sayı bu gün 7-dir.

 

10 il əvvəllə bu günün müqayisəsində klublarımızın Avropa səhnəsindəki çıxışını müsbət vurğulamaq lazımdır.

 

Daha əvvələr bir mərhələ keçmək böyük nailiyyət hesab edilirdi. 2009-cu ildə “Qarabağ” Avropa Liqasında pley-offa qədər irəliləyəndə tarixi uğur kimi qələmə verilmişdi.

 

 

Öncə Norveçin “Rusenborq” klubunu mübarizədən kənarlaşdıran ağdamlıların qələbəsi Avropa mətbuatında sürpriz kimi qiymətləndirilmişdi. Həmin sürprizə imza atan komanda artıq son 5 mövsüm avrokubokların qrupunda çıxış edir. Qurban Qurbanovun komandası Çempionlar Liqasında çıxış etmiş ilk Azərbaycan klubu kimi də tarixə düşüb.

 

 

Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk klubumuz olan “Neftçi” daha sonra bunun ardını gətirə bilmədi. Tarixi uğuru komandaya qazandıran həmin klub rəhbərliyinin gedişinindən sonra paytaxt təmsilçisi nailiyyət əldə edə bilməyib.

 

Bölgə futbolunu təmsil edən, akademiyası ilə digər klublara nümunə olan “Qəbələ” də inkişaf etdi. Klub ardıcıl iki dəfə Avropa Liqasının qruplarına vəsiqə qazanmağı bacarıb.

 

Milli komandada isə “köhnə hamam, köhnə tas”. Yığma yenə də öz nəticələriylə azarkeşləri üzməyə davam edir.

 

 

10 il əvvəl DÇ-2010-un seçmə mərhələsində Berti Foqtsun rəhbərliyi altında millimiz 5 xalı 10 oyuna toplamışdı. Ötən ilin sonlarında isə yığmamız böyük ümidlə baxdığı Millətlər Liqasında uğursuz çıxış göstərdi.

 

10 il müddət az deyil. Məhz 2010-cu ildə daha çox xal toplamaq potensialı görünən qrupda zəif çıxışdan sonra AFFA qərarlar verməli idi. Aşağı yaş qruplarına diqqət ayırmalı, futbolçu yetişdirmək gərək idi. Həmin zaman 10 yaşı olan uşaqları yetişdirsəydik, indi 20 yaşları olacaqdı və qürbətdə oyunçu axtarmaq üçün qapılara düşməyə lüzum qalmazdı.

 

 

Ancaq görünən odur ki, son 10 ildə AFFA-nı bu məsələ düşündürməyib. Qrupda 5 xal toplayan Berti Foqts postunda saxlanılanda mətbuatla futbol ictimaiyyətinin tənqdlərinə əhəmiyyət verilmədi. Ziyan yenə futbolumuza və bu vətənin övladlarına dəydi. Futbolçu yetişdirməkdə aciz qalanlar Almaniya, Rusiya, Türkiyədən gətirilən oyunçulara pasport paylamaqla məşğul oldular. Xalqın pulunu tar-mar edənlərə şəxsi maraqlar lazım oldu.

 

10 il bundan sonranı düşünəndə adam vahimələnir…

Mehman Əşrəfov

Xəbər xətti