"Neftçi"nin səviyyəsiz legionerləri və Emil Balayev YAZI

"Neftçi"ni yeni qəbul etmişdik. Perspektivli yeniyetmə qapıçının olduğu deyilirdi. Üzünü görən isə yox idi. Araşdırmağa başladıq. Bəlli oldu ki, uzun müddətdi məşqlərə qatılmır, Rusiyadadır. Hansısa menecerlərin vasitəsilə klub axtarılır...
 
"Neftçi" ilə müqaviləsi bitməmişdi hələ...
 
AFFA və Rusiya Futbol Federasiyasına rəsmi məktublar ünvanladıq, yeniyetmə futbolçu klubda olmasa da, tam olaraq nəzarətə götürdük. Eyni zamanda ailəsilə əlaqə saxlamağa qərar verdik.
 
Emil Balayevin atası Nazim müəllimin çox çətin insan olduğu deyilir və kluba qayıtmayacaqları ilə bağlı qəti fikirlər bildirilirdi...
 
Əlaqə saxladıq, telefonla danışdıq. İlk olaraq Emilin geri dönməyəcəyini bildirdi. Kluba dəvət etdik və görüşümüzdən sonra qərarda sərbəst olacaqlarını dedik...
 
Peşəkarlıq, müqavilə öz yerində, ilk öncə niyyət, ünsiyyət, psixoloji yanaşma çox önəmlidir. Qarşılıqlı inam bütün qapıları açır...
 
Nazim müəllimlə 30 dəqiqəlik söhbətimizdən sonra heç bir maliyyə, digər şərtlər irəli sürmədən qəti şəkildə bildirdi, "Emil "Neftçi" də olacaq, sizlərə inanıram".
 
Doğrusu "çətin" insan deyilən Nazim müəllimin belə tez qərar verməsi gözləmilməz və sevindirici oldu. Hüquqşünas atanın insani keyfiyyətləri, qəti addımları, dünyagörüşü Emilin sabahına ümid verirdi. Qalırdı kluba qayıtması və inkişafı...
 
Çox gənc olmasına baxmayaraq, əsas heyətə cəlb etdik. Qapıçılar üzrə serb mütəxəssis Nebonun xüsusi nəzarəti altında məşqlərə start verildi. Əsas qapıçımız Stamenkoviç də öz qayğısını əsirgəmirdi. Tezliklə Emil Balayev çempionatda start heyətdə də debüt etdi...
 
Yerli futbolçular mentalitetdən, digər səbəblərdən böyük əziyyət çəkirlər. Bu, tək onların günahı deyil, ümumi cəmiyyətin problemidir...
 
Azərbaycan futbolunda Emil Balayev kimi gənclər istisnadır. Ailə tərbiyyəsi, həyata baxışı, davranışı, böyük-kiçik yerini bilməsi mükəmmələ yaxındır. İstedadı ilə yanaşı müxtəlif dillərin mənimsənilməsi, öyrənilməsi isə əlavə üstünlüyüdür...
 
"Neftçi"nin hədəfləri hər zaman zirvə, çempionluq olub. Qapıçı yükü çox ağır olur. Vaxtından əvvəl yerini alsa, "sına" bilər. Planlı şəkildə inkişafının təmin olunması, daimi oyun praktikasının olması üçün icarəyə göndərilir, "Sumqayıt", "Araz"ın heyətində "Neftçi" üçün yetişirdi. Naxçıvandakı çıxışı ilə daha da püxtələşdi, özünəinamı artdı. "Neftçi" ilə Avropa, möhtəşəm "San Siro" meydanlarına çıxaraq Stamenkoviçdən sonra əsas heyətə hazırlanırdı...
 
Artıq milli komandaya da cəlb edilir, gənc qapıçı kimi skautların diqqətini cəlb edirdi.
 
Almaniyaya tez göndərildi, hələ tam hazır deyildi. Bir tərəfdən də xəstəlik, əməliyyat Emili xeyli geri saldı...
 
Geri, Azərbaycana dönmək məcburiyyətində qaldı. Öz təfəkkürü, tərbiyyəsi, istedadı ilə əyilmədi, bütün əziyyətlərə dözdü. Peşəkar idman, futbol kənardan göründüyü kimi sadə deyil, çox qəddar sahədir...
 
Təəssüf ki, "Neftçi" öz yetirməsi olan Emil Balayevə sahib çıxmadı. İllərin əziyyətilə yetişmiş digər istedadlı gənc futbolçular kimi klubdan didərgin salındı. Ölkənin ən bacarıqlı gənc qapıçı-yetirməsini "unudub" səviyyəsiz legionerlərə, başqa klubların yerli qapıçılarına üstünlük verilirdi. Emil məcburiyyətdən digər klublarda çıxış edirdi...
 
İstedad öz üzərində səbrlə çalışırsa, bütün çətinliklərə sinə gəlirsə, heç vaxt itib-batmır. İllərin əziyyətinin bəhrəsi hər zaman ödənilir.
 
Emil Balayevin Qazaxıstan "Tobol"una transfer xəbəri karyerasında yeni mərhələdir. Artıq təcrübə toplamış, bərkə-boşa düşmüş Emil, böyüyüb, püxtələşib. Tək qapıçı bacarığı deyil, şəxsi keyfiyyətləri də inkişafını təmin etməlidir. Karyerasında Emil Balayev üçün yeni çağırışdır...
 
"Neftçi"nin yetirməsindən "Səbail" də müəyyən vəsait əldə edəcək. Vaxtilə səriştəsiz, "Neftçi"ni dağıdan təsadüflər "Emil Balayevin transferindən klub futbolçunun 40 yaşına kimi pul qazanacaq", deyirdi. Buyurun, qazanın...
 
Qapıçı üçün Emil Balayevin yaşı çox münasibdi. İnanıram ki, bundan sonra da öz üzərində çalışsa, yaxın 5-10 ildə millinin bir nömrəli qapıçısına çevrilə bilər. Tanrı zədələrdən qorusun...
 
Yolun açıq, uğurların bol olsun, Emil!
 
TAHİR SÜLEYMANOV, beynəlxalq dərəcəli hakim, “Neftçi”nin sabiq vitse-prezidenti

 

Tarix: 25 Yanvar [16:53]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 İyun 2019
16  İyun 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio