Özününkülər arasında yad QEYD

Milli komandanın ətrafında hadisələrin hansı ssenari ilə davam edəcəyi prinsipcə hamıya məlum idi. Az qala uşaqdan-böyüyə hər kəs bilirdi ki, Qurban Qurbanovdan sonra gələn adamın kimliyindən asılı olmayaraq, milliyə ciddi uğur qazandırması bir yana qalsın, heç vəd verməsi də ağlabatan deyildi. Ona görə də Nikola Yurçeviç elə ilk açıqlamasında onun qarşısına Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq kimi bir tapşırığın qoyulmamasını dedi. Lakin sonradan yəqin ki, AFFA rəhbərliyinin xahişi/təkidi ilə bunu “vuruşacağıq” şəklinə gətirdi. Əslində, milli mövzusunda elə bir mənzərə yaranıb ki, artıq sözə ehtiyac yoxdur. Bütün bu oyunların başında sadəcə bir səbəb durur(du) – Qurban Qurbanov!

 

Hadisələrin davamı kimi, Qurban Qurbanovun İcraiyyə Komitəsinin son iclasında iştirak etməməsi oldu. Özü getmək istəməyib, ya çağırmayıblar/gec deyiblər, bu artıq elə də əhəmiyyətli deyil. Qurban bəy artıq çoxdan anlayıb ki, o, həmin masada özününkülər arasında yaddı. Bəli, yaddı. Hətta əcnəbilər ondan daha doğmadı İK üzvləri üçün. Adama təsir eləyən odur ki, baxırsan həmin masada əyləşənlərə, onların nəinki heç biri, hamısını birlikdə yığsan, tək Qurban Qurbanovun Azərbaycan futbolu üçün etdiyinin yarısını belə etməyiblər. Amma bu adamlar onu istəmirlər. Sinfi mübarizədimi bu, ya daha dərin məsələlər var bu ədavətdə, bunu bilmək çətindi. Qurban müəllim ağıllı adamdı və baş verənləri özü təhlil edib doğru nəticəyə gələ bilər.   

 

Bu hadisədə ən acınacaqlı olan odur ki, ölkənin ən nüfuzlu, ən üzdə olan məşqçisi, cəmiyyətdə şəxsiyyət kimi də qəbul olunan Qurban bəy özü-özünü belə oyuna gətirdi. Axı, futbol ictimaiyyətinin az qala hamısı kuluarlarda Qurban Qurbanov – Elxan Məmmədov əməkdaşlığının mümkünsüzlüyünə əmin idi. Qurban bəy yəqin özü də bilirdi ki, baş katib onu istəyən adam deyil. Az qala hamı deyirdi ki, Elxan Məmmədov baş katib kimi işini davam etdirəcəyi təqdirdə Qurbanov milliyə getməli deyil. Amma Qurban bəy yamanlığa yaxşılıq prinsipiylə davranmaq istədi, Elxan Məmmədovun siyasətcilliyini nəzərə almadı. Siyasət isə sentimentallığı sevmir/bağışlamır.

 

Milli komandadan çıxarılandan sonra Qurban bəy İK-dan da getmək istədiyini açıqlamışdı. Lakin onun istefası qəbul olunmamışdı. Məncə, Qurbanov İcraiyyə Komitəsinin iclasına qatılmamaqda doğru eləyib.Bir halda ki onun fikirləri, onun əməyi orada oturanlar üçün dəyərli deyil, necə deyərlər, sözünü dəyişməkdənsə, yerini dəyiş. Qoy, necə bilirlər, elə etsinlər. Ancaq daha onsuz. Ölkənin ən dəyərli adamlarından olan Qurban Qurbanov bu ölkənin millisinə hələ çox lazım olacaq. Amma indi yox, bu ortamda yox!  

 

Mehman Əşrəfov

Tarix: 13 Fevral [13:39]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Avqust 2019
21  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio