İşə məsuliyyətsiz yanaşma: "ASK Arena"da üç günə üç oyun

13:26 - 16 Fevral 2019

Futbolçular üçün ciddi təhlükəyə çevrilən "ASK Arena"da vəziyyət dözülməzdir.

 

"Keşlə"nin ev oyunlarını keçirdiyi süni örtüklü meydan zədə mənbəyidir. Stadionun ot örtüyü əvvəl olduğu kimi, indi də normal vəziyyətdə deyil. Daha əvvəl meydana təbii ot örtüyü vurulacağı barədə söz-söhbətlər yayılsa da, sadəcə, söylənti olaraq qaldı. Ən azından ciddi zədələrin qarşısını almaq üçün meydana normal süni ot örtüyü vurmaq olardı.

 

Tez-tez istifadə edilən meydança yüklənir və daha da yararsızlaşıb. Arenanın süni ot örtüyünün keyfiyyəti təmiz itib.

 

Buna baxmayaraq, bu stadion üç gün ərzində üç oyun qəbul etməyə məhkumdur. Cümə axşamı (14 fevral) I Divizionda çıxış edən "Neftçi-2" "Kəpəz"i "ASK Arena"da qəbul edib. Cümə günü (15 fevral) isə "Keşlə-2" də "Qaradağ "Lökbatan"ı bu meydanda sınağa çəkib. Bu gün isə "Keşlə"nin əsas komandası Premyer Liqada "Sumqayıt"ı bu meydanda qonaq edəcək. Bu qədər yüklənmədən sonra qazonun daha da bərbad vəziyyətdə olduğuna şübhə qalmır. Futbolçular və baş məşqçilər də hər zaman bundan narazılıq edirlər.

 

Bu meydanda bir çox futbolçu ciddi zədə alıb. Son olaraq, millimizin və "Səbail"in üzvü Ruslan Qurbanov "ASK Arena"nın qurbanı oldu. Hücumçu 1-2 ay yaşıl meydanlardan kənar qalacaq.

Xəbər xətti