Tahir Gözəl: "Pis taleyimiz Kiprdə buraxdığımız qolla başladı" - MÜSAHİBƏ

Çempionlar Liqasının III təsnifat mərhələsində Kiprin APOEL klubuna 0:2 hesabı ilə məğlub olaraq, mübarizəni dayandıran "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az xəbər verir ki, klub rəsmisi öncə oyunla bağlı danışıb:
 
- Bilirsiniz, tariximizdə nəticəyə bu qədər yaxınlaşmamışdıq. Əslində, pis taleyimizin başlanğıcı Kiprdəki ilk matçda son saniyədə buraxdığımız qol oldu. Bu, futboldur. Həmişə yaxşı oynayan sevinmir. “Qarabağ” layiqli oyun göstərdi. Bizim çox şansımız oldu. Rəqibin iki epizodu oldu və qolaa çevirdi. Bu duruma çox üzülürəm.
 
- İlk oyunda “Qarabağ” 90+5-də qol buraxmasaydı, bu gün fərqli olacaqdı?
- Əlbəttə, olmasaydı, bu gün bəlkə də, fərqli olacaqdır. Dediyim kimi, futbolda belə hallar olur. Qarşıda oyunlarımız var. “Qarabağ” Avropada yoluna davam etməlidir. Paltardəyişmə otağında hamıya ürək-dirək verdim. Təbii ki, hamı üzülür. Çox istəyirdik ki, burdan sevinclə ayrılaq. “Qarabağ”a son saniyəyə kimi dəstək oldu. Xalqımıza təşəkkür edirəm. Macəramız bitməyib, davam etməliyik.
 
 
- Futbolçularda arxayınlıq var idi, yoxsa APOEL yeni baş məşqçisi ilə fərqli oynadı?
- Təzə baş məşqçiləri onlara yeni ruh gətirdi. Bu, faktdır. Arxayınlıq demək düz deyil. Mən rahatlıq görmədim. APOEL böyük klubdur. Rəqibin 11 nömrəli futbolçusu 6 milyon avroluq futbolçudur. Onlara qiymət verməliyik. Avropa klubuna aşağı baxmaq olmaz. Bizdə alınmadı.
 
- UEFA nümayəndəsi ilə nə söhbət edirdiniz?
- Həmin şəxs Bosniya və Herseqovinadandır. 1995-ci illərdə Böyük Britaniyada universitetdə tələbə olan zaman Bosniya və Herseqovinada yaşanan hadisələrə görə pul toplayırdım. Həyatımın bir ilini Bosniyaya pul toplamaq üçün keçirmişəm. Məscidləri dolaşıb, o ölkə üçün pul yığırdım. Bosniya və Herseqovinaya qarşı sevgim, mərhəmətim var. Bunu ona deyirdim. Bakıya xoş gəldiyini və Bosniyaya gedəndə onu ziyarət etmək istədiyimi dedim.
 
- Baş məşqçilərin duelində Tomas Dollun qalib gəldiyini söyləmək olar?
- Bunu deməzdim. “Qarabağ” çox gözəl oynadı. İlk oyunda APOEL uduzmuşdu. Burda itirəcəkləri heç nə yox idi. Futbol və həyatda belədir.
 
- Yunanların sevdiyi komandaya uduzmaq sizə necə hisslər yaşadır?
- Mən qarşı tərəfə heç vaxt fikir vermirəm. Mənim bir istəyim var: “Qarabağ”ın adını dünyaya tanıtdırmaq! Biz APOEL rəsmilərini qəbul etdik, onlara çətin vəziyyətimizi dedik. Tariximizdən bəhs etdik, nələr yaşadığımızı söylədik.
 
- Avropa Liqasının qrup mərhələsinə düşmək hədəf olacaq?
- Əlbəttə, Monteneqro və İrlandiya çempionları duelində mərhələ keçən komandaya rəqib olacağıq. Bizə növbəti oyun çox vacibdir. İnanıram ki, yaxşı olacaq.
 
- “Qarabağ”a yeni transfer lazım deyil?
- Xeyr, bunun üçün infrastruktur, gəlir olmalıdır. “Qarabağ”ın sponsordan başqa gəlir yeri yoxdur. Avropa klubları kimi futbolçu alıb, sata bilmirik. Futbolçulara bu tərəfə gəlmək istəmir. Kiprə baxmayın, APOEL ötən mövsüm futbolçu satışından 9 milyon avro gəlir əldə edib. Kipr Avropa Birliyinin parçasıdır. “Qarabağ”ı “Azersun” şirkəti himayə edir. İmkanlarımız nəyə çatır, yavaş-yavaş gedirik. Bundan artığına imkan yoxdur.
Tarix: 13 Avqust [23:39]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Avqust 2019
18  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio