Nikola Yurçeviçlə bağlı ilk pozitiv QEYD

Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya ilə matçda (1:1) ilk xalını qazandı.

 

Yığma Slovakiya və Macarıstanla oyunlarla müqayisədə, Uels və Xorvatiya qarşısında tam fərqli görünürdü. Nəhayət, milli komanda seçmə mərhələdə ilk xalını qazandı. Əlbəttə, beş oyuna bir xal pis mənzərədir. 

 

İlin əvvəlindən Azərbaycan millisini çalışdıran Nikola Yurçeviçlə bağlı ilk dəfə müsbət məqama toxunuruq. Xorvatiyalı mütəxəssis Macarıstan və Slovakiya ilə biabırçı matçlardan sonra yığmanı fərqli stildə oynatdı.

 

Uelslə Kardiffdəki oyundan sonra heyətdə iki dəyişiklik etmişdi. Qapıya haqlı olaraq, Qazaxıstanın “Tobol” klubunda rəqabət hiss edən, gərgin matçlar keçirən Emil Balayev keçdi. Səlahət Ağayev Uelslə matçda aşağı səviyyədə çıxış etdi. Balayev həm ayaqla yaxşı oynayır, sonuncu müdafiəçi funksiyasını yerinə yetirir, müdafiəçiləri səsləyir, komandanı ruhlandırır. Bəzi epizodlarda çıxışı uğursuz alınsa da, Balayev qazanılan bir xalda böyük önəm daşıdı.

 

Image may contain: 1 person, playing a sport and outdoor

 

Yüngül zədəsi olan Riçard Almeydanın əvəzinə meydana Cavid Hüseynov buraxılmışdı. 31 yaşlı futbolçunun ilk hissədə etdiyi 28 ötürmənin 90 faizi dəqiq alındı. 8 dəfə ikili mübarizəyə girən Hüseynov 2 dəfə qalib oldu. Cavidin əvəzinə start heyətdə Emin Mahmudova və ya Rəşad Eyubova şans vermək daha uğurlu variant ola bilərdi.

 

İlk hissədə penaltidən qol buraxan Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç fasilədə dəyişiklik etdi. Pavel Paşayevin əvəzinə meydana Təmkin Xəlilzadə daxil oldu. Hücumlarda effektli olmayan Şəhriyar Rəhimov sol cinah müdafiəçisi kimi oynamağa başladı. Şəhriyar özünü burada daha rahat hiss edir, nəinki vinger kimi. Maksim Medvedev isə müdafiənin sağ cinahına keçdi. Müdafiənin mərkəzində Anton Krivotsyukla Bəhlul Mustafazadə oynadı.

 

Az sonra Cavidin effektli olmadığını anlayan xorvatiyalı mütəxəssis meydana Emin Mahmudovu buraxdı. Bu dəyişikliklərdən sonra Azərbaycan millisinin oyununda canlanma yarandı. 

 

Baku, Azerbajdzan, 090919.
Stadion Backell Arena. Kvalifikacijske za Europsko prvesntvo, skupina E, 5. kolo, Azerbajdzan - Hrvatska. Na fotografiji: Nikola Jurcevic.
Foto: Damir Krajac / CROPIX

 

Maksim sağ cinahda Mahirə dəstək verdi. Medvedev millidə yaxşı oyunlarından birini keçirdi. Hücumlara qoşulmaqda Paşayevdən daha effektli idi. 29 yaşlı müdafiəçi 8 dəfə ikili mübarizəyə girişib və bunların 7-ni qazanıb.

 

Təmkin isə sol cinahda effektli görünürdü. Xəlilzadənin cinahda uğurlu oynaması millinin kəsərli hücumlarına şərait yaradırdı. Vurduğu qolda özünəinamlı oynadı. Xəlilzadə ölkədə mövqeyinin ən yaxşılarından biridir və bunu dərk etməlidir.

 

Bəhlul Mustafazadə barədə yenə xoş sözlər səsləndirmək lazımdır. Gənc müdafiəçi soyuqqanlı çıxışı ilə diqqət çəkdi. Emil Balayevin inamlı oyunu arxa xətt oyunçularına da güc verirdi.

 

Qara Qarayev də oyunu yaxşı keçirdi. Qara həm cinahları, həm də hücumameyilli yarımmüdafiəçiləri sığortalamğı bacarırdı. 4-1-4-1 taktiki sxemində Qaranın üzərinə böyük yük düşdü. Buna baxmayaraq, o, işinin öhdəsindən gəldi.

 

Slovakiya ilə oyundan sonra yorğun görünən Xorvatiyanın ikinci hissədə hücumlarının kəsəri azalmışdı. Bərabərlik qolundan sonra qonaqların irəli atılıb ikinci qolu vurmağa gücləri qalmamışdı. Uzaqdan zərbələrə üstünlük versələr də, Emil Balayev qapını “qıfıllamışdı”. Yekunda isə Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı.

 

Baku, Azerbajdzan, 090919.
Stadion Backell Arena. Kvalifikacijske za Europsko prvesntvo, skupina E, 5. kolo, Azerbajdzan - Hrvatska. Na fotografiji: slavlje igraca Azerbajdzana.
Foto: Damir Krajac / CROPIX

 

Matçdan sonra Cavid Hüseynovla Maksim Medvedevin müsahibəsinə də toxunmaq istəyirəm. Hər ikisi təcrübəli futbolçudur, yığmada xeyli oyun keçiriblər və klublarında aparıcı simalardır. Həmkarımın mükafatla bağlı verdiyi sualdan nəzakətli şəkildə yayınmaq da mümkün idi.

 

“Seçmə mərhələdə beş oyun keçirmişik və bu gün ilk xalımızı qazandıq. Əsas məqsədimiz xalqımızı sevindirməkdir. Mükafat isə sonrakı məsələlərdir, olsa da olar, olmasa da. Əsas azarkeşlərin sevincli olmasıdır”, - deyib narazılığa səbəb olacaq fikirlər səsləndirməmək olardı.

 

Suala ustalıqla cavab verəndən sonra sosial şəbəkələrdə azarkeşlər beş oyuna bir xal toplayan milli üzvlərinə etiraz etməyəcəkdi.

 

Seçmə mərhələnin başa çatmasına üç tur qalıb. Tsiklə başlayanda başqa hədəf uğrunda başlayan Azərbaycan millisi reallıqla barışmalı oldu. Yəqin ki, bunun hesabatını verən biri tapılacaq. Ya da həmişəki kimi, uğursuzluğun səbəbi baş məşqçi olacaq. Daha əvvələr də yığma komanda belə sürprizlər edib, hər tsiklədə güclü rəqibləri büdrədə bilib.

 

Uels və Xorvatiya ilə oyunlarda Emil Balayev, Mahir Emreli, Bəhlul Mustafazadə, Təmkin Xəlilzadə, Ramil Şeydayev, Qara Qarayev və digərlərinin inamlı çıxışı bir qədər nikbinlik yaradıb. Ümid edək ki, yığma seçmə mərhələnin son matçlarında da layiqli mübarizə aparacaq.

 

Mehman Əşrəfov

Tarix: 10 Sentyabr [14:14]
Müəllif: Mehman Əşrəfov
Digər xəbərlər
Xəbər xətti
21 Sentyabr 2019
20  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio