Adil Şükürov millinin Xorvatiya ilə oyununu dəyərləndirdi: "Yurçeviç bu oyun sistemini "Beşiktaş"da təcrübədən keçirib"

15:02 - 10 Sentyabr 2019

Bu oyundan əvvəl Azərbaycan millisi Uelsə uduzmuşdu (1:2), Xorvatiya isə Slovakiyaya 4:0 hesabı ilə qalib gəlmişdi. Bu nəticələr onu deməyə əsas verirdi ki, xorvatlar Bakıda qələbə şansı yüksək idi.

 

Heyətimizdə bir neçə itki var idi. Baş məşqçi Nikola Yurçeviç məcburiyyətdən müdafiənin mərkəzində gənc Bəhlul Mustafazadə ilə daha çox sağ cinahda oynayan Maksim Medvedevə şans verdi. Düzdür, Maksim daha öncə millidə və “Qarabağ”da mərkəz müdafiəçisi kimi çıxış edib, ancaq o, özünü sağ cinahda daha rahat hiss edir.

 

Xorvatiya da Bakıya itkilərlə gəlmişdi. Rəqibin ulduzları - İvan Rakitiçlə Mateo Kovaçiç oyunu buraxmalı oldular. Onları əvəz edəcək səviyyədə futbolçular isə rəqibin heyətində yoxdu. Belədə bütün yük Luka Modriçin üzərinə düşdü. Modriçin öz dəst-xətti ilə seçiliən oyunçudur. Bütün oyun onun üzərində qurulurdu.

 

 

Xorvatiya millisi ilk dəqiqələrdən gözlənildiyi kimi, irəli atıldı. Erkən qolla rahatlaşıb, matçın taleyini ilk hissədə həll etmək istəyirdilər. Oyun epizodundan olmasa da, 11-ci dəqiqədə penaltidən qol vurdular. Bu ana qədər və daha sonra Emil Balayevin kritik qurtarışları oyunun gedişinə öz təsirini göstərdi. Onun inamlı çıxışı bütün komandaya motivasiya verdi. Komandamız əks-hücumlara çıxırdı. İlk hissədə Ramil Şeydayevin əlinə belə fürsət düşdü. Amma rəqib qapıçı əla oynadı.

 

Yığmamız bu oyunda  4-1-4-1 taktiki sxemindən istifadə etdi. Burada Qara Qarayevin oyunu xüsusi qeyd etmək lazımdır. Meydanın mərkəzində Cavid Hüseynovla Dmitri Nazarovun sığortasında böyül rol oynayırdı. Qara cinahlarda oynayan Şəhriyar Rəhimovla Mahir Emrelinin də sığortasını çatdırırdı. Qeyq edim ki, Qara eyni işləri “Qarabağ”da da edir.

 

 

İkinci hissədə yığmamız hücumda daha çox oynamağa başladı. Yurçeviç ikinci hissədə taktiki dəyişiklik elədi. Pavel Paşayevin əvəzinə meydana Təmkin Xəlilzadə qoşuldu. Təmkin yarımmüdafiənin cinahında oynamağa başladı. Şəhriyar arxa xəttə döndü, Maksim sağ cinaha çəkildi.

 

Bu dəyişikliklə oyun daha da sürətləndi. Çempionat oyunlarından da bilirik ki, Şəhriyarla Maksim cinahlardan ağıllı hücumlara çıxır, dəqiq ötürmələr edirlər. Təmkinlə Mahirin cinahlarda effektli olması, təkli mübarizələrdə yaxşı olmaları ikinci hissədə kəsərli hücumlarımıza şərait yaratdı.

 

 

Komandamız Uelsdəki oyundan fərqli sxemdə oynadı. Burada Cavid Hüseynovu qeyd etmək lazımdır. Caviddən fərqli olaraq, Almeyda davamlı şəkildə müdafiədən topu alıb hücumlara çıxır. Bu oyunda isə ikinci topları Cavidlə Nazarov qazanırdı, hücuma çıxırdılar. Təmkinlə Mahir də cinahlardan dəstək olurdu. Epizodların birində Təmkin fərdi ustalıqla rəqib müdafiəçiləri aldadıb qol vurdu.

 

Komandamız düzgün oynadı, çox qapanmadan mübarizə apardı. Qoldan sonra yenə pressinq edirdik. Xorvatların qapımıza rahat gəlməsinə şərait yaratmadıq. Rəqib bunu gördükdən sonra daha çox uzaqdan zərbələrə üstünlük verirdi. Qapıda isə Emil çox inamlı idi. Qazandığımız xalda Balayevin inamlı oyununu görə bilirik.

 

 

Mən o vaxt "Beşiktaş"da olan zaman Slaven Biliç də bu oyun sistemi ilə mübarizə aparırdı. Bu oyun tərzi ilə Super Liqada 2-ci yeri tutmuşdular. Bu sistem üzrə komandanı əsas məşq elətdirən Nikola Yurçeviç idi. Müdafiəçi hücumçuya uzun ötürmə edir. Hücumçu topu qəbul edirdi, bu anda cinahlar sürətli şəkildə irəli gedirdi. Hücumçunun qəbul etdiyi topu yarımmüdafiəçilər qəbul edirdi. Bu, Yurçeviçin əsas oyun tərzidir. "Beşiktaş"da onun işi ilə tanış olmuşdum. Yurçeviç bu oyun sistemini "Beşiktaş"da təcrübədən keçirib".

 

Mehman Əşrəfov

Xəbər xətti