Nazim Süleymanov AFFA-nı necə çətin vəziyyətə saldı? QEYD

13:01 - 13 Sentyabr 2019

Nazim Süleymanovun bölgələrə səfər edib veteranları başına yığması ilk baxışdan AFFA üçün narahatlıq doğurmayan məsələ idi. Hadisələrin məntiqi axarı kimi veteranların öz aralarında qarşıdurmaların yaranması gözlənilən idi. Çünki Nazim Süleymanovun yaratmaq fikrində olduğu qurum uzun illərdir fəaliyyət göstərən Oqtay Abdullayevin veteranlar ittifaqına alternativ olmalıydı.

 

İlk başdan hər şey öz axarıyla gedirdi. Veteranlar arasında iki cəbhə yaranmışdı: Oqtay Abdullayevin yanında olanlar və Nazim Süleymanovun ətrafında birləşənlər. Hər iki cəbhə görüşlər keçirir, hər iki tərəf mətbuat üzərindən danışırdı. Nazim Süleymanovun birdən-birə alternativ qüvvə kimi üzə çıxmasını AFFA-nın baş katibi Elxan Məmmədovla da bağlayanlar var idi. “Parçala və hökm sür” siyasətini futbolda tətbiq etməklə tanınan baş katibə oxşayır(dı) bu qarşıdurmanın yaranma səbəbləri. Lakin bir neçə aydı veteranlar arasında yaşanan problem bir günün içində AFFA-nın probleminə çevrildi.

 

Veteranların yaratdığı qurumu AFFA Azad Həmkarlar İttifaqı adlandırması aranı qarışdırdı. Neçə aydı veteranların didişməsini kənardan izləyib, bəlkə də ayrı-ayrılıqda hər birinə dəstək olduğunu deyən, ruh verən Elxan Məmmədov özü qəliz duruma düşdü.

 

Nazim Süleymanovun açıqlamasına diqqət yetirək: “Azərbaycan futbolunda çalışan 12 nəfərlə bu təşkilatı yaratdıq. AFFA-nın baş katibi Elxan Məmmədovla görüşəndə bunun gözəl təşəbbüs olduğunu demişdi”.

 

Əlbəttə, bu günə qədər Nazim Süleymanovun Oqtay Abdullayevə alternativ qurum yaratmaq niyyəti gözəl təşəbbüs kimi görünürdü Elxan Məmmədova. Amma Süleymanovun yaratdığı qurumun AFFA-nın adına bağlanması ciddi narahat eləməyə başladı baş katibi. AFFA-dan bəyanat gəldi, Həmkarlar İttifaqından cavab...

 

Əslində, xeyli müddətdən sonra Nazim Süleymanov kimi adlı-sanlı bir veteranın AFFA-ya alternativ bir qüvvə kimi səhnəyə çıxması müsbət haldır. Amma bu ittifaqın fəaliyyətinin nədən ibarət olacağı hələ də dəqiq bilinmir. Çünki Nazim Süleymanovun bu barədə fikirlərində qeyri-müəyyənliklər var və veteran futbolçu konkret iş istiqaməti barədə yox, daha çox ümumi məsələlər haqda danışır.

 

Hələ ki, seytnot vəziyyəti yaranıb. Hadisələrin sonrakı gedişi mənzərəyə bir qədər də aydınlıq gətirməlidir.  

 

Mehman

Xəbər xətti