Aftandil Hacıyev: "Essyen Çempionlar Liqasında gördüyünüz futbolçu deyil"

Azərbaycan Premyer Liqasında IV turun “Keşlə” – “Səbail” (1:2) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Aftandil Hacıyev jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:

 

- Bilirdik ki, rəqib son zamanlar yaxşı formadadı. Maraqlı oyuna görə “Keşlə”ni təbrik edirəm. Rəqibi necə təsəvvür edirdiksə, həmin komandanı da gördük. Tərlan Əhmədova alqış düşür ki, qısa müddətdə belə komanda hazırlayıb. İki fərqli hissə izlədik. Komanda tapşırıqları yerinə yetirməyə çalışdı. İlk hissədə istədiklərimiz alınırdı. Fasilədən sonra rəqibin təzyiqi artıracağını gözləmək olardı. İkinci hissəni “Keşlə”nin aktivinə yazmaq olar. Ani diqqətsizlikdən qol buraxdıq. Bundan sonra müdafiəyə diqqət etməli olduq. Futbolçuları layiqli qələbəyə görə təbrik edirəm.

 

- İkinci hissədə oynadığınız nə idi?
- Qeyd etdiyim kimi, müdafiədən oynamalı idik. Mən ikinci hissədə müdafiədən razı qaldım. Ancaq hücumlarımız o qədər də alınmadı. Futbolçulardan 90 dəqiqə hücum etməyi istəyə bilmərik. Planımız nə idisə ona uyğun oynadıq. Sırf nəticəni düşünürdük. Dəyişikliklər buna hesablanmışdı.

 

- “Səbail”in büdcəsi azaldılıb və Maykl Essyen kimi ödənişli futbolçu ehtiyatda qalır. Onu oynatmayacaqsızsa, niyə saxlayırsız?
- O, ayrı bir söhbətdi. Ümumi futbolumuz naminə fərqli bir layihə kimi baxmaq lazımdı. Onun aramızda olması bizim üçün üstünlükdü. Bu gün Ədilxan kimi cavan oyunçu ondan nümunə götürür. Essyen bütün futbolçular üçün nümunədi. Bu, o demək deyil ki, həmişə oynamalıdı. Biz çalışırıq ki, nəticəni düşünək və sistemə uyğu  futbolçuları meydana buraxaq. Oyun ola bilər ki, start heyətində oynasın. Bu, Çempionlar Liqasında gördüyünüz Essyen deyil. Ancaq o da digər futbolçularımız kimi çalışır. İndi ona imkan yarada bilmirik. Onsuz da futbolçu sayı azdı, ona da şans verəcəyik.

 

- Mirabdullanın əvəzlənməsi nə ilə bağlı idi?
- Birinci hissədə zədə almışdı. Ağrıya-ağrıya oynadı. Fasilədə danışdıq ki, davam edə bilməsə, meydandan çıxaracağıq.

 

- Eltun Yaqublunun məşhur videosu ilə bağlı nə deyə bilərsiz?
- İstəmirəm ki, belə şeylər çox şişirdilsin. Biz ora özbaşına girib çıxmamışıq. Tək Eltun yox, digərləri də orda maşın saxlayıb. Çünki qapı ora yaxındı. Bu haqda çox danışmağa gərək yoxdu. Stadion rəhbərliyi ilə anlaşmışıq. Düşünürəm ki, artıq belə hallar yaşanmaz. Heç kimin xəbəri yox idi ki, orda maşın saxlamaq olmaz. Ona irad bildirildi, ancaq biz heç kimə qadağa qoya bilmərik ki, məşqə maşınsız gəl. Hadisə istəməyərəkdən baş verib. Sadəcə, ürəyindən video çəkmək keçib. Başqa bir niyyəti, kiməsə sataşmaq məqsədi olmayıb. Eltun bizim kapitanımızdı. İstəməzdim ki, bununla bağlı iradlar olsun.

Tarix: 15 Sentyabr [20:27]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Oktyabr 2019
17  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio