"Növbəti mövsümdən elitada çıxış etmək istəyirik" - "Kəpəz" rəsmisi

“Kəpəz” Peşəkar Futbol Klubuna icraçı direktor təyin olunan İlqar Nadiri klubun mətbuat xidmətinə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, gənc klub rəhbəri əvvəlcə təyinatı ilə bağlı danışıb:

 

“Azərbaycanın ən köklü, titullu klublarından olan “Kəpəz”də belə böyük vəzifəyə təyin olmuşam. Çalışacağam ki, mənə ümid bəsləyən, bu posta layiq görən insanların etimadını lazımınca doğruldum. Dəstək verənlərə minnətdaram. Özümü çox məsuliyyətli hiss edirəm. Komandanın adını yenidən yüksəklərə qaldırmaq, nüfuzunu özünə qaytarmaq üçün səylə işləyəcəyəm. “Kəpəz”in bu il 60 illik yubileyidir. Odur ki, növbəti mövsümdən elitada çıxış etmək istəyirik. Buna görə də əlimizdən nə gəlirsə, ən yaxşı şəkildə edəcəyik”.

 

İlqar Nadiri Gəncədə yerləşən “Offside” futbol kompleksinin həmtəsisçisidir. O, bu ilin aprel-iyun aylarında Mini Futbol Liqasının Nizami yurdunda təşkil etdiyi “Gəncə Kuboku” turnirinin Təşkilat Komitəsində yer almaqla yarışın əsas dəstəkçilərindən olub:

 

“Futbolçu olmasam da, futbolun içində olmuşam. Çılğın, həyəcanlı azarkeşəm. Xaricdə səfərlərdə olarkən həmişə “Kəpəz”in nəticələri ilə yaxından maraqlanmışam. Komandanın çıxışını yaxından izləməyə çalışmışam. Yazda Gəncədə keçirdiyimiz “MFL Gəncə Kuboku”nun təşkilatçılığı bizi bütün ölkədə yaxşı mənada işimizlə tanıtdı. Turnirdə rekord sayda – 64 kollektiv iştirak etdi ki, bu da Gəncə futbolunun adına müsbət məqamdır. Həvəskarlar çoxdur və onları bir araya gətirib belə yarışı keçirmək bizə zövq verdi”.

 

“Kəpəz”in yeni icraçı direktoru azarkeşlərə çağırış da edib:

 

“Gəncə azarkeşləri hər zaman futbola sevgiləri ilə tanınıblar. Mən fanatlarımızı stadiona komandamıza dəstək verməyə dəvət edirəm. Bu gün “Kəpəz”in yanında daha çox olmalıyıq. Futbolçuların azarkeş dəstəyinə böyük ehtiyacı var. Bu, onları ruhlandıracaq və qələbələrə həvəsləndirəcək”.

Tarix: 23 Sentyabr [20:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2019
11  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio