“Belə hərəktlər görəndən sonra futboldan soyuyursan” - Samir Əliyev klub məşqçilərindən gileyləndi

19:38 - 18 Oktyabr 2019

Azərbaycanın U-19 millisinin baş məşqçisi Samir Əliyev Azərbaycan Radiosunda İlkin Babanın qonağı olub.

 

Sportal.az xəbər verir ki, mütəxəssis millinin Avropa çempionatının ilkin seçmə mərhələsindəki çıxışı barədə danışıb:

 

“Yanvar ayından milli komandadayıq. Bura gəlməmişdən öncə millidə işləmiş məşqçilərlə məsləhətləşdik, iş prinsipləri ilə tanış olduq. Qərar verdik ki, yükün altına girək. Hansı qrupda olduğumuzu bilirdik. Çexiya və Norveçlə ayaqlaşmağın çətin olduğunu bilirdik. Ona görə də başladıq seleksiyadan. Sentyabra qədər bu proses davam etdi. 48 futbolçunu yoxladıq. Təlim-məşq toplanışları oldu, martda ərəblərlə, iyunda Belarusla, sentyabrda Malta ilə yoldaşlıq oyunları keçirdik. İstəyərdik ki, daha güclü rəqiblər və daha çox oyunlar olsun. Belə də öz potensialımızı da görə bilərdik. Təəssüf ki, bir çox ölkələrlə razılaşmadı. Aydındır ki, onlar da güclü rəqiblərlə qarşılaşmaq istəyir. Biz də bu komandalarla kifayətlənməli olduq.

 

Biz deyirik ki, qrupda San Marinoya uduzsaydıq, faciə olacaqdı. Sizə deyim ki, “cırtdan” ölkələr də futbol oynaya bilir. Malta ilə oyunlarda bunu gördük.

 

Biz də futbol oynamağı bacarırıq, mübarizə aparırıq. Niyə bacarmırıq ki?”


Əliyev futbolçu qıtlığının olduğunu bildirib:

 

“Bir çox komponentlərdə Norveçlə Çexiyaya uduzduq. Şablon səslənsə də, futbolçu qıtlığı var. İstədiyimiz rəqabət yoxdur. Yanvardan bir uşağı sağ cinah müdafiəçisi kimi hazırlayırdıq. İlin əvvəlində ərəblərlə, yayda Belarusla oyunlarda ona şans vermişdik, sınamışdıq. Sentyabrda Malta ilə oyun üçün yığmaya çağıranda bizə dedilər ki, karyerasını bitirib və fikrini təhsilə ayırıb. Həmin an pərişan olmuşduq. Çünki sağ cinahda oyunçu yox idi. Olanlar isə hazırlıqsız idi. Əlimizdə olanların həyat tərzi, intizamları və ustalığı bizi qane etmirdi. Məcbur olduq, biz də iki türkiyəli futbolçunu bu mövqe üçün dəvət etməyə. Elə oldu ki, sağ və sol cinaha gətirdik. Bəli, söz-söhbət gəzir ki, uduzuruqsa, öz futbolçularımızla məğlub olaq. Ancaq iş orasındadır ki, heç bu da tapılmır. Futbol oynamaq istəyən yoxdur.

 

Məsuliyyəti üzərimdən atmaq istəmirəm. Norveç və Çexiyaya məğlubiyyət mənim boynumdadır. Elə mövqe var ki, yaxşı futbolçular çoxluq təşkil edir və əksəriyyəti güclü ola-ola kənarda qalır. Amma qıtlıq təşkil edən mövqelər də var və oyunçu tapılmır. Dəvət etdiyin futbolçu gələndə hazırlıqsız olur. Fərdi söhbətlərdə deyir ki, klubda istənilən məşq keçmir, qisalanması yaxşı deyil. Bu da istənilən formanı yığmamasına səbəb olur. Millinin baş məşqçisi kimi buna nə edə bilərəm ki?”

 

Millinin çalışdırıcısı qrupdakı komandaların futbolçuların güclü komandalarda çıxış etdiyini vurğulayıb:

 

“Norveçin futbolçuları PSV, “Maytns”, “Leyptsiq”, “Everton”, “Sauthempton” kimi klublarda çıxış edir. Onların hansı şəraitdə məşq etmələri, çempionatlarının səviyyəsi göz qabağındadır. Biz məşqçilər korpusu hər həftə bölüşüb liqadakı oyunları izləyirdik. Futbolun dərindən bilənlər anlayır ki, U-19 liqası və divizion hansı səviyyədədir. Bir sözlə, onlarla ayaqlaşa bilmərik. İlk oyunda Norveçdən ən azı bir xal almağa çalışdıq. İkinci oyundakı rəqibimiz Çexiya olduqca güclüdür. Şansımızın az olduğunu bilirdik. San Marinonu uda biləcəyimizin fərqində idik. Dörd xal toplasaydıq, şansımız ola bilərdi. Təəssüf ki, Norveçlə matçda uşaqlar yaxşı mübarizə aparsa da, uduzduq. Avtoqolla məğlub olduq. Aşağı yaş qruplarında bu bir xəstəlikdir ki, erkən qol buraxırıq. Nə qədər söhbət etsək də, vəziyyət eynidir.

 

Çexiya ilə matçda isə hər cəhətdə rəqibə uduzduq. İnanın, səsim batmışdı. Futbolçular da məni eşitmirdi, ya da ayaqları hərəkət etmirdi.

 

Nə qədər bilikli olsan da, millidə hər şey baş məşqçidən asılı deyil. Komanda ilə az müddət oluruq. Milli ilə olduğumuz günləri saysaq, doğru dediyimi anlayacaqsız”.

 

40 yaşlı mütəxəssis AFFA-nın seçmə mərhələdə qarşılarına hədəf qoymadıqlarını deyib:

 

“Qarşımıza AFFA məqsəd qoymuşdu ki, istedadlı uşaqlar itməsin. Bu yaş qrupu bundan əvvəl Vüqar Məmmədin rəhbərliyində olub və elit-raunda çıxıblar. Məqsəd bu oyunçuların itməməsidir. Elxan Məmmədov demişdi ki, biz şəxsiyyətlər lazımdır. Bilirdim ki, hansı yükün altına girmişəm. Tərəddüd etmişdik, amma çəkinmədik. İstəmədik ki, qorxduğumuzu desinlər. Bəli, bu məğlubiyyətlərə görə məsuliyyət məndədir, üzərimdən atmıram. Bu, faciə deyil. Norveçlə Çexiyaya uduzduq. Hər iki ölkə Ermənistanda Avropa çempionatında çıxış edib.

 

Hər kəs anlayırdı ki, çətin qrupdur. İstəyərdik ki, uğurlu olsun nəticələrimiz. Ancaq belə alındı. Hər şeyi futbolçuların üzərinə atmaq olmaz”.

 

Samir Əliyev U-21 millisinin serbiyalı çalışdırıcısı Milan Obradoviçlə aralarındakı anlaşılmaz durumu izah edib:

 

“U-19 yığmasında əsas iş odur ki, U-21-ə futbolçu ötürülsün. Futbolçular itib-batmamalıdır. Milan Obradoviçlə aramızda ciddi problem yoxdur. AFFA milli məşqçiləri üçün otaqlar ayırıb. Orada yığışıb müzakirələr aparırıq. Problem Səbuhi Allahverdizadə ilə bağlıdır. Onu uzun müddət yığma üçün hazırlayırdıq. Yoxlama oyunlarında ona şans vermişdik. Təsəvvür edin, oyunu Səbuhinin üzərində qurmuşduq. Milan Obradoviçi də başa düşmək olar. Hacıağa Hacılı U-21-də kapitandır, meydanın mərkəzində çıxış edir. Onun Fransa ilə oyun öncəsi qırmızı vərəqəsi var idi. Səbuhi “Sumqayıt”da son bir neçə oyunda əsas heyətdə çıxış etdi və yaxşı mübarizə apardı. Obradoviç söhbət zamanı mənə onu U-21-də gördüyünü dedi. Buna bir tərəfdən sevindim. Ona görə sevindim ki, U-19-dan U-21-ə futbolçu verdik. Bir tərəfdən də məyus oldum ki, aparıcı simanı itirdik. Obradoviç Səbuhidən istifadə edəcəyini dedi. Fransa və İsveçrə ilə oyunlarda isə Səbuhini əsas heyətdə görmədik. İsveçrə ilə matçın 90-cı dəqiqəsində meydana buraxıldı. Mənim yerimdə kim olsa, istər-istəməz qıcıqlanar. Mən də buna qıcıqlandım. Oynadacağım futbolçu U-21-də ehtiyatda qaldı. Pik formada olan oyunçu idi. Birinci gün görüşümüz olacaq. Yəqin ki, bundan sonra problem olmayacaq. Bundan sonra Obradoviç kimi istəyir, rahat götürə bilər artıq”.

 

Əliyev klub məşqçilərinin yığmada çalışan həmkarlarını düşünmdədiklərini bildirib:

 

“Səbail”dən ayrılandan sonra yerimə Aftandil Hacıyev gəldi və komanda ötən mövsüm uğurlu çıxış etdi. Bunu indi də davam etdirirlər. Təəssüf ki, hərdən sözlər üst-üstə düşmür. Köməkçilərim ondan Ədilxan Əliyevin yığmaya tez qoşulmasını istəmişdi. Hacıyev isə Ədilxanın ona lazım olduğunu demişdi. Nəticədə bizə qoşulmadı, hazırlıqsız qaldı. Heç “Neftçi” ilə oyunda da meydana çıxmadı. Ədilxan Norveç və Çexiya ilə matçların 60-cı dəqiqəsində əvəzlənməsini istəyirdi. Bizimlə tam hazırlaşmır, klubunda oynamır və buna görə də yığmada 90 dəqiqə mübarizə apara bilmir. 

 

"Qəbələ" Gənclər Liqasında mübarizə aparırdı. Bu, onlardan asılı olmayan nüansdır. Komandalar var idi ki, sırf məşq prossesində futbolçu olsun deyə oyunçunu milliyə buraxmaq istəmirdi.

 

Bir çox məşqçilər millini düşünmür. Anlayıram, hər kəs öz klubunu fikirləşir. Düşünmürəm ki, bunu bilərəkdən edirlər. Biz də klublarda işləmişik. Hamımız milli üçün çalışmalıyıq. Təəssüf ki, bəzi məqamlar bizi həvəsdən salır. Belə hərəktlər görəndən sonra futboldan soyuyursan”. 

 

Gənc çalışdırıcı U-19 yığmasına gəldiyi üçün peşman olmadığını sözlərinə əlavə edib:

 

“Millidə işləməyə peşman deyiləm. Karyeramda yeni səhifə oldu. Oteldə rəqib məşqçilərlə də fikir mübadiləsi aparırdıq. Futbolçulara da təşəkkür etdim və onlarla fəxr etdiyimi söylədim”.

 

Azərbaycan millisinin keçmiş hücumçusu ölkə futbolunda problemlərin çox olduğunu deyib:

 

“Ölkə futbolunda problemlər həddən artıq çoxdur. Bununla bağlı üç-dörd tonluq kitab yazmaq olar. Çıxış yolu odur ki, regionlarda, liqalarda komandaların sayı artsın. Guya bunu bilmirik? Hamı çox gözəl bilir. Bunu AFFA, Məşçilər Komitəsi, mütəxəssislər, futbol ictimaiyyəti istəyir. Biz də istəyirik ki, qələbələr qazanaq. Acı reallıq olsa da, qəbul edək ki, futbol ölkəsi deyilik. Bunu etiraf etməliyik, gələcəkdə isə bilmirəm.

 

Bəzi futbolçular işinə səhlənkar yanaşır. Bizim istedadlı və potensiallı futbolçularımız var. Buna görə norveçli və çexiyalı uşaqlardan heç də geri qalmırlar. Biz işə yanaşmada uduzuruq. Futbolçunun həyata baxışında, məşqlərə yanaşmasında məğlub oluruq. Bilmirəm, problem klublardadır, ya özlərində, bəlkə də, zaman dəyişib.

 

Rəqib komanda otelin qarşısından stadiona avtobusla 14:30-da gedəcəyini deyir və bütün futbolçular həmin zamana 5 dəqiqə qalmış hazır olur. Bizdə isə 14-30-u keçir, yığılıb avtobusa minə bilmirik. İstəmirsən ki, ciddi sanksiyalar tətbiq edəsən. Çünki 5-6 günlük toplanış olur. Bəzi şeyləri dəyişmək həddindən artıq çətindir. Fərdi söhbətlər də edirsən, xeyri olmur”.

Xəbər xətti