"Qarabağ" sabah UEFA Çempionlar Liqası Liqa mərhələsinin 3-cü turu çərçivəsində səfərdə İspaniyada "Atletik"in qonağı olacaq.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Çox yaxşı komandaya qarşı oynayacağıq. "Atletik"in təcrübəli baş məşqçisi var. Rəqib xal fərqini yaxşılaşdırmaq üçün qalib gəlməyə can atacaq. Bizim də təcrübəmiz ildən-ilə artır. Çalışacağıq ki, meydanda möhkəm və yığcam olaq. Bu cür rəqibin tempinə davam gətirməliyik. Ümidvaram ki, azarkeşlər mübarizəmizdən razı qalacaqlar.
- Sabah Marko Yankoviç meydanda olacaq?
- Yankoviç komandayla məşq edir. Bəlkə də idman formasından bir az uzaqdır. Hər bir halda, onun təcrübəsindən istifadə etməyə çalışacağıq. Lakin onun ilk dəqiqlərdən, yoxsa sonradan meydana buraxacağımız barədə qərar verməmişəm.
- Hücum mövqeyi üçün Nəriman Axundzadə ilə Kamilo Duran arasında seçim etmisiz?
- Hər ikisi yaxşı formadadır. Həm məşqlərdə, həm də oyunlarda özlərini yaxşı tərəfdən göstərirlər. Sabaha kimi vaxtımız var. Sabah dəqiq bilinəcək.
- "Qarabağ"ın uğurları təkcə Azərbaycan yox, türk dünyası üçün böyük hadisədir. İnsanlara bu hissləri yaşatmaq necə hissdir
- Sizi burada görmək xoşdur. İstər Bakıda, istərsə də xarici ölkələrdə oyunlarımız olanda türkiyəli qardaşlarımızdan həmişə dəstək görürük. Hər birinə təşəkkür edirəm. Bu hissləri bəlkə də sözlə ifadə etmək olmaz. Çox xoş hisslərdir. İnsanların bu inamı məsuliyyətimizi daha da artırır, həvəsimiz çoxalır. Çalışırıq ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edək.
- Həmişə deyirsiz ki, güclü kollektivlərə qarşı oynadıqda komandanız daha da böyüyür. Çempionlar Liqasında geridə qalan iki oyun sizin üçün hansı dəyişikliklərlə yadda qaldı və hansı nəticə çıxardız?
- Dəyişiləcək bir şey yoxdur. Futbol elə bir peşədir ki, hər oyunda uğur əldə edə bilməzsən. Çox böyük klublar var ki, Çempionlar Liqasını qazanırlar, amma növbəti il bunu təkrarlaya bilmirlər. Biz kiçik bir futbol ölkəsiyik və bu cür turnirlərdə təcrübə qazanırıq. Hər il belə qalibiyyətlərimiz olub. Amma son iki qələbəmiz inamımızı daha da artırıb. Bu, təkcə bizə yox, Azərbaycan futboluna da böyük inam bəsləməyə rəvac verir. Həmişə çalışmışıq ki, üzərimizə düşən işi məsuliyyətlə yerinə yetirək. Bu, bizim missiyamızdır.
- Çempionlar Liqasında mövsüm başlamazdən əvvəl "24-lüy"ə düşmək xəyal kimi görünürdü, lakin ardıcıl 2 qələbədən sonra artıq bu sizin üçün məqsədə çevrilib? Ümumiyyətlə, bu yöndə söhbətlər futbolçulara necə təsir edir?
- Deməzdim ki, narahatlıq var. Bəlkə də bu söhbətlər futbolçulara hansısa formada təsir edir. Qarşıda hələ 6 oyunumuz var və bu matçlar 18 xal deməkdir. Bu gün əlimizdə xal qazanmaq üçün imkan varsa, bundan maksimum dərəcədə istifadə etməyə çalışacağıq. Bütün azarkeşlər istəyir ki, öz komandası yuxarı pillələrdə olsun. Bizim üçün bu tip ifadələri eşitmək xoşdur, amma qarşıda daha çətin oyunlarımız var.
Elçin Əlixan
saytlarin hazirlanmasi