"Qarabağ"ın ən güclü tərəfi - Qurban Qurbanov da buna əməl etməyin vacibliyini deyir

15:38 - 20 Yanvar 2026

Hələ Rauf Əliyevli, Əfran İsmayılovlu, Rəşad Sadiqovlu vaxtlardan etibarən "Qarabağ" baxımlı oynamağa, yaradıcı futbol sərgiləməyə çalışıb. İllər keçdikcə gedənlərin yerini daha səviyyəli futbolçular doldurub və bu oyun modeli təkmilləşə-təkmilləşə hazırkı halına gəlib. 

"Qarabağ"ın oyununda pozitiv məqamlar çoxdur. Qurban Qurbanovun komandasının oyununu izləmək gözə xoş gəlir, azarkeşin ruhunu oxşayır. Amma bu "Qarabağ"ın ən güclü tərəfi başqadır. Bu, oyun intizamıdır. 

"Qarabağ"ı bu baxımdan nümunəvi komanda saymaq olar. Hətta məğlub olduqları matçlarda da sona qədər intizamı qoruyan, xaotik oynamayan komandadır "Qarabağ". 

Bugünkü mətbuat konfransında Qurban Qurbanov da bu məqama xüsusi toxunub. Deyib ki, oyun intizamından qopmamaq çox vacibdir. Çünki "Ayaks"la matçda məğlubiyyətin yaşanmasına səbəb olan nüanslardan biri də ikinci hissənin gedişində futbolçuların oyun intizamından qopması olub. Ona görə də, Qurban Qurbanov məhz bu komponentdə diqqətli olmağa çağırır futbolçuları. 

Fikrət

Xəbər xətti