Hər mövsümə böyük iddia və ümidlərlə başlayan, xoş olmayan sonluqla bitirən "Neftçi" görürük son illərdə. Azarkeşlər əvvəllər ikinciliklə barışmaq istəmirdilərsə, artıq avrokuboklara vəsiqə qazanmaq belə çətin tapşırığa çevrilib ölkənin ən köklü klubu üçün.
Səbəblər çoxdur. Tərəfdarların xilaskar gözü ilə baxdığı Rövşən Nəcəf bir ilə klubu elə bir bataqlığın içinə saldı ki, komandanı hələ də oradan çıxara bilmirlər. Bacarıqsız əcnəbilərə milyonlar dağıdıldı, olan-qalan "Neftçi" ruhunu da elə öldürdülər.
"Neftçi" indi-indi "koma"dan çıxmağa çalışır. Amma bəzən elə şeylər baş verir ki, izahını tapmaq çətindir. Samir Abasov da sözlərin aciz olduğunu deyir. Cəmi 8 tur arxada qalıb, "Neftçi"nin başına gəlməyən qalmayıb.
Amma bir şey dəqiqdir ki, bu "Neftçi" ötən ilkindən daha yaxşıdır, daha "diri"dir. Sadəcə qabardılası bir neçə məqam var ki, Abasovun işini çətinləşdirən həm də bunlardır. Hər komanda ilk növbədə yaxşı "onurğa sütunu"na malik olmalıdır. Bu, yaxşı qapıçı, yaxşı stoper, yaxşı dayaq yarımmüdafiəçisi və yaxşı hücumçudur.
"Neftçi" bu mənada çox axsayır. Qapıçı Kenan Piriç çox səhvlərə yol verir. İqor Ribeyro Premyer Liqanın ən yaxşı mərkəz müdafiəçilərindən olsa da, "Neftçi" yə xeyirindən çox zərəri dəyib hələ ki... "Turan Tovuz"la oyunda qırmızı vərəqə alıb komandanı pis vəziyyətdə qoydu. 3 oyunluq cəzalandırıldı. "Araz-Naxçıvan"la matçda kobud səhv buraxdı, "Neftçi" qapısında qol gördü. Dayaq yarımmüdafiəçisi Sessi Dalmeyda "Neftçi"nin yükünü daşıyacaq biri deyil. Ortabab komandanın işinə yarayar, amma "Neftçi"də daha səviyyəli biri olmalıydı bu mövqedə. Və hücumçu. Bu barədə çox yazılıb, çox danışılıb. Bir komandanın vuran ayağı yoxdursa, yaxşı nəticələr qazanmaq real görünmür. Bu siyahıya cinah müdafiəçilərini də əlavə eləmək olar. Sako da, Sek də səviyyəli oyunçulardı. Amma hər ikisində sanki aqressiya çatmır. Bu adamlar cinahı "dağıtmaq" əvəzinə, sanki kübar futbol oynamağa çalışırlar, o da hələ ki həmin effekti vermir. Yəni, hər şeyi yalnız bəxtin ayağına yazmaq da doğru deyil.
Abubakarın gəlişi gedişatı dəyişə bilər. Orta sahəyə transfer edilən Metyu İfeanyi də "Araz-Naxçıvan"la oyundakı performansı ilə ümid verdi. İfeanyinin 10 aydır oyun praktikasından əziyyət çəkdiyini nəzərə alsaq, "Neftçi"də daha böyük işlər görə biləcəyini ehtimal edə bilərik.
Samir Abasov çətin dönəmə qədəm qoyur. "Neftçi" yenilərlə də qələbələri sıralaya bilməsə, Abasovun deyiləcək sözü qalmayacaq. Azarkeşlər səbəb eşitmək istəmir, nəticə görmək istəyirlər.
Həmid
saytlarin hazirlanmasi