Yunanlar fiaskoya uğrayan Azərbaycan futboluna yol göstərdi

19:19 - 20 Noyabr 2019

17 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatının ilkin mərhələsinin qrup oyunları keçirilib.

 

9-cu qrupda yer alan Azərbaycan millisi keçirdiyi hər üç oyunda məğlub oldu və sonuncu oldu.

 

Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv ilk matçda ev sahibi Yunanıstana 1:6 hesabı ilə uduzdu. İkinci oyunda yığma almaniyalı yaşıdlarına 0:2 hesabı ilə yenildi. Milli qrupdakı son matçında eyni hesabla Qazaxıstandan zəif oldu.

 

Bununla da Azərbaycan futbolunun gələcəyi Patra şəhərində fiaskoya uğradı.

 

Azərbaycanla yanaşı, Lixtenşteyn, Lüksemburq, Farer adaları, Cəbəllütariq, İslandiya, San Marino və Malta yığmaları qruplarında xal qazana bilməyib.

 

Qrupu yunanlar 9 xalla lider başa vurdu. Böyük futbol ölkəsi sayılmayan Yunanıstan qrupda Almaniya millisini qabaqlamağı bacardı. Bu ölkənin əsas millisi AÇ-2020-nin seçmə mərhələsində uğursuz çıxış elədi. Görünür, yunanların gələcək futbol nəsli güclü olacaq.

 

Azərbaycanın aşağı yaş qruplarından ibarət millilərinin nəticələrinə baxsaq, xoş mənəzərə ilə qarşılaşmırıq.

 

U-19 millisi ötən ay seçmə mərhələdə uğursuz çıxışla vəziyyətin nə yerdə olduğunu bir daha göstərmişdi. U-21 millisi isə AÇ-2021-in seçmə mərhələsində Lixtenşteyn və Gürcüstan kimi komandalara uduzub. U-17 millisi isə Almaniya və Yunanıstanı bir qırağa qoyaq, heç Qazaxıstandan belə xal ala bilmədi.

 

Əsas yığmanın nəticələri də göz önündədir. Rəqəmlər hər şeyi deyir.

 

Xəbər xətti