Xocalı faciəsinə həsr edilmiş "Unutsaq, unudularıq" adlı tədbir keçirildi - FOTOLAR

22:10 - 20 Fevral 2020

Fevralın 20-də Bakının Ramanı qəsəbəsində yerləşən Eynulla Ağayev adına 198 nömrəli tam orta məktəbdə Xocalı faciəsinə həsr olunmuş “Unutsaq, unudularıq” adlı tədbir keçirilib.


Tədbirdə məktəbin direktoru Şəlalə Nadirova, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Dilarə Cəbrayılova, idmançılar, veteranlar, Xocalı sakinləri, media nümayəndələri və digərləri iştirak ediblər.  

 

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Məktəbin direktoru Ş.Nadirova çıxış edərək Xocalı soyqırımı haqqında geniş məlumat verib. O, bu faciənin bəşəriyyətin ən böyük insanlıq cinayətlərindən olduğunu vurğulayıb.

 

Sonra tədbirin bədii hissəsi başlayıb. Şagirdlərin ifasında Xocalı faciəsinə həsr olunmuş, milli vətənpərvərlik ruhunda və bəşəriyyəti sülhə çağıran kompozisiya təqdim olunub. Sonra yeniyetmə kikboksçular nümunəvi çıxışışlar ediblər.

 

Daha sonra Azərbaycan Kikboksinq Federasiyasının prezidenti A.Əliyev, Milli Məclisin deputatı D.Cəbrayılova və digərləri çıxış edərək Xocalı soyqırımı haqqında danışıblar. Adil Əliyev məktəb şagirdlərinin çıxışlarından təsirləndiyini və bu kompazisiyanın mükəmməl təşkil olunduğunu söyləyib.

 

Xocalı hadisələrinin şahidi, Xocalı sakini Murad Məhərrəmov dövlətimiz tərəfindən uşaqlarımızın kiçik yaşlarından vətənpərvər ruhda böyüdülməsi üçün böyüş işlər görüldüyünü bildirib. Çıxış edənlər bu qanlı hadisənin XX əsrin ən böyük faciəsi olduğunu vurğulayıblar. Qeyd olunub ki, Xocalı faicəsinin dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən əvəzolunmaz işlər həyata keçirilir.

 

Onun təşəbbüsü ilə 2008-ci ildə təsis edilmiş “Xocalıya Ədalət” Beynəlxalq Kampaniyası çərçivəsində Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması, faciə zamanı zərərçəkmiş şəxslərə təzminat verilməsinə nail olunması, cinayətkarların məsuliyyətə cəlb olunması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində çox önəmli addımlar atılır.

 

“Xocalıya Ədalət” Beynəlxalq Kampaniyasına dəstək məqsədilə 198 nömrəli tam orta məktəbində hər il təşkil olunan tədbir artıq ənənəvi hal alıb. 

 

Məktəbin direktoru Ş.Nadirova, A.Əliyev və D.Cəbrayılova tədbir iştirakçılarına Fəxri fərmanlar təqdim edib. Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdiriblər. 

 

Xəbər xətti