Tərlan Əhmədov: "Kiminsə yerinə göz dikmək planım yoxdur"

Premyer Liqada 20-ci turun “Keşlə” – “Qarabağ” (0:2) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:

 

- Maraqlı oyun izlədik. Bir tərəf topa nəzarət edirdi, digər tərəf də sürətli hücumlar qurmaq istəyirdi. Hər iki hissədə imkanlarımız oldu. “Qarabağ” layiqli qələbə qazandı. Bu əzmkarlıq, istəyə görə futbolçulara deyəcək sözümüz yoxdu. 3 əsas heyət oyunçumuz yox idi. Meydana çıxan hamı yaxşı təsir bağışladı. Getdikcə oyunlar daha da ağırlaşır. Bu oyundakı səhvlərdən nəticə çıxarmaq istəyirik.

 

- Aleşandre Kriştavaoya kifayət qədər şans verirsiz. Meydanda gördüyü işdən nə dərəcədə razısız?
- Hiss olunur ki, yavaş-yavaş komandaya uyğunlaşır. Onun iş əmsalı başqadı, Frutosunku başqa. Bu gün fərqli oynamalıydıq, amma itkilərə görə belə oldu. Hələ tam uyğunlaşmayıb.

 

- Lorenso Frutosda geriləmə hiss olunmur ki?
- Bir müddət məşqlərdən kənar qaldı. Ona görə tam formasını bərpa etməyib.

 

- Ruslan Qurbanovu yarımmüdafiədə oynatdız. Çıxışından razı qaldız?
- Hücumameylli yarımmüdafiəçi kimi oynayırdı. Uzun müddət zədə ucbatından məşqlərdən kənar qalıb. Kamaranı Turalı əvəzləyəcək yeganə oyunçumuz Ruslan idi. Məcburiyyətdən orda oynadı. Bacardığı qədər mübarizə apardı.

 

- Müdafiənizin cinahları rəqib üçün açıq dəhliz idi sanki. Təsadüfi deyil ki, ilk hissədən sonra Cabir Əmirlini İlkin Qırtımovla əvəzlədiz. Maraqlıdı, varıantınız olsa, Azər Salahlını da əvəzləyərdizmi?
- Bəlkə də dəyişiklik etsəydik, daha böyük fəsad verərdi. Bir oyuna görə kimlərisə ittiham etmək olmaz. Komanda uduzursa, ilk növbədə baş məşqçi günahkardı.

 

- “Neftçi” ilə xal fərqi xeyli böyüdü...
- Mən söz verməmişəm ki, komanda 1, ya da 2-ci yeri tutacaq. Məqsədimiz mükafatçılar sırasına düşmək və ya avrokuboklara getməkdi. Məni öz oyunlarımız maraqlandırır. Qazana bildiyimiz qədər xal toplamaq istəyirdik. Kiminsə yerinə göz dikmək planım yoxdur.

Tarix: 8 Mart [20:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
4 İyun 2020
3  İyun 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio