Aleşandre Kriştovao: “Həmin epizod “Qarabağ”la fərqimizi göstərdi”

20:33 - 8 Mart 2020

Premyer Liqanın 20-ci turunda evdə "Qarabağ"a 0:2 hesabı ilə uduzan "Keşlə"nin hücumçusu Aleşandre Kriştovao oyundan sonra jurnalistlərə müsahibə verib.
 
Sportal.az xəbər verir ki, anqolalı hücumçu oyunu şərh edib:
 
- İlk hissədə 2 qol epizodumuz oldu. Onlardan birini 100 faiz dəyərləndirmək olardı. Əfsuslar olsun ki, o epizodları qaçırdıq. “Qarabağ”a qarşı çətin oyun keçirdik.
 
- İkinci hissədə 100 faizli qol epizodun oldu. Fərqlənsəydin, nəticə fərqli olardı?
- Bu epizod “Qarabağ”la fərqimizi göstərdi. Biz fürsətləri qaçırtdıq, “Qarabağ” qol epizodlarını dəyərləndirirdi.
 
- “Qarabağ” Çempionlar Liqasında oynamış komandadır. Bunu qarşılaşma zamanı hiss etdin?
- “Qarabağ”ın keyfiyyətli komanda olduğunu bilirik. Bunu oyunları ilə nümayiş etdirdilər. Hazırda turnir cədvəlində də liderdir.
 
- Lorenso Frutos bombardir olsa da, sən gələndən sonra ehtiyatda əyləşir. Belə olacağını düşünürdün?
- Frutos yaxşı hücumçudur. Bu, məşqçinin seçimidir. Onun etimadını doğrultmağa çalışıram.
 
- Azərbaycan Premyer Liqası barədə düşüncələrin necədir? Qol vurmamağın çempionatın ağır keçməsi ilə əlaqəlidir? 
- Hər oyun epizodlar yaranır və bunu qola çevirməyə çalışıram. Təəssüflər olsun ki, qaçırdığım fürsətlər də olur. Öz üzərimdə işləyirəm, səbirli olub, keyfiyyətimi göstərməyə çalışıram.

Xəbər xətti