"Zirə"nin futbolçusu: "Azərbaycan çempionatının səviyyəsinə yaxşı mənada təəccübləndim" - MÜSAHİBƏ

16:08 - 31 Mart 2020

“Zirə”nin futbolçusu Alvaro Ampuero ovacion.pe saytına müsahibə verib.
 
Sportal.az xəbər verir ki, 26 yaşlı müdafiəçi Azərbaycanda koronavirusla bağlı yaranmış vəziyyətdən və digər məsələlərdən danışıb.
 
- Azərbaycanda koronavirusla bağlı vəziyyət necədir?
- Kütləvi tədbirlərin qarşısı alınıb. Bütün günü evdə oluram. Bu vəziyyətin düzəlməsini gözləyirik.
 
- “Zirə” COVID-19-la bağlı nə qərarlar verib?
- 15 gündür məşqlər dayandırılıb. Evdə müəyyən hazırlıq planı var.
 
- Azərbaycanla Peru futbolunun səviyyəsində hansı fərqlər var?
- Burada yaxşı çempionat keçirilir. Azərbaycandakı futbol səviyyəsinin necə olduğunu bilmirdim, amma gələndən sonra yaxşı mənada təəccübləndim. Mənə elə gəlir ki, burada oyunlar daha ağır keçir. Peruda isə taktiki plana önəm verirlər. Bütün amillərə baxdıqda yaxşı səviyyəsi olan çempionatdır.
 
- Avropanın başqa klubundan təklif aldınız? Peruya dönmək mümkündür?
- Dekabrda Perudan təklifim var idi. Ancaq klubla mövsümün sonuna qədər müqaviləm var və burada rahatam. Növbəti mövsümün necə olacağını bilmirəm. Koronavirusa görə vəziyyət dəyişdi. Ümid edirəm ki, tezliklə vəziyyət düzələcək. Vəziyyət düzəldikdən sonra karyeramla bağlı düşünə biləcəyəm.
 
- Statistikaya diqqət yetirsək, müntəzəm oynayarsınız. Yenə də sol cinahda çıxış edirsiniz?
- Bəli, şükürlər olsun ki oynayıram. “Munisipal”da zədə səbəbindən oynamamışdım və bura gələndə startdan meydana çıxmağa başladım. Bundan sonra davamlı şəkildə oynadım. Bəzi oyunlarda sol cinah vingeri kimi, bəzən də müdafiəçi kimi çıxış etdim.
 
- Peru millisinə qayıtmağı xəyal edirsiniz?
- Burada hər gün inkişaf etmək üçün çalışıram. Ölkə xaricində oynamaq üçün yaxşı səviyyədə olduğumu düşünürəm. Azərbaycan çempionatının çox məşhur olmadığını bilirəm. Karyeramda addım-addım irəli getmək istəyirəm.
 
- Peru xalqına karantinlə bağlı nə söyləyə bilərsiniz?
- Xalqımdan qaydalara riayət etmələrini rica edirəm. İndi tək özümüzü deyil, bütün insanları düşünməliyik. Çox yaxında bu vəziyyətdən qurtulacağıq.

Xəbər xətti