Baş məşqçilər çempionatın davam etdiriləcəyinə ümidsizdirlər

Koronavirus pandemiyasına görə Azərbaycan Premyer Liqasında fasilə uzanacaq.

 

Sportal.az xəbər verir ki, bir neçə gün öncə Peşəkar Futbol Liqası açıqlama yayaraq çempionatda mübarizə aparacaq komandalara mayın 4-dən məşq etmək üçün icazə verilə biləcəyini  açıqlasa da, Operativ Qərargah fərqli qərar qəbul etdi. 

 

Ölkədə karantin rejimi mayın 31-dək uzadıldı və idman qurğularından istifadəyə, kütləvi idmana icazə verilmədi. Qərarın dəyişməsi klubların planlarına təsir etdi. Baş məşqçilərlə danışaraq son vəziyyət barədə məlumat  almağa çalışdıq:

 

“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov son qərardan öncə ən azı məşqlərin başlayacağına ümid olmasından danışıb: “Düzünü desəm, karantin rejiminin uzadılmasını gözləmirdim. Açığı, bunun baş verəcəyinə ehtimal versəm də, federasiya ilə olan danışıqlardan sonra düşünürdüm ki, ən azı məşqlərə start verə biləcəyik. Amma konkret məşqlərə başlamağa icazə verilmədi. Bu da onu göstərir ki, çempionat yaxın zamanlarda başlamayacaq. Komandaya da bu pis təsir edəcək. Uzun müddət məşqsiz, oyunsuz qalmaq çətindir və oyun təcrübəsi azalır, idman durumu aşağı düşür. Demək olar ki, futbolçular öz fiziki, texniki, taktiki durumlarını yeni-yeni bərpa etməyə başlamışdılar ki, çempionat dayandı. Futbolçuların öz formasına qayıtması asan olmayacaq. Bunun onlara çox təsiri olacaq. 

 

Çempionatın davam etdirilməsi necə olacaq, bu barədə heç nə deyə bilmərəm. Mayın 31-nə qədər karantinin uzadılması futbol üçün, kütləvi yarışlar üçün yaxşı işarə deyil. Baxmayaraq ki, İspaniyada, İtaliyada, Almaniyada, hətta Türkiyədə qrup halında məşqlərə icazə verilib, lakin bizdə bu olmadı. Əgər bizdə də qrup halında məşqlərə icazə verilsəydi, çempionata daha hazır şəkildə başlamaq olardı. Hətta çempionatın başlaması geciksə də, çətinlik olmazdı. Bu karantin müddəti 31-nə qədər davam edərsə, bizə hazırlıq üçün 2-3 həftədən daha çox vaxt lazım olacaq. Çünki bu müddətdə onların idman formasından uzaqlaşması açıq görünür.  Hər bir halda biz dövlətin qayda-qanunlarına əməl etməliyik, icazə vaxtını gözləməliyik. Səbirli olub vaxtımızı gözləməliyik ”.

 

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev karantinin uzadılmasının psixoloji olaraq futbolçulara pis təsir edəcəyindən söz açdı:  “Mayın 4-dən məşqlərə başlayacağımıza ümidlənmişdik. Səbrsizliklə gözləyirdik ki, məşqlərə start verək, hazırlaşaq. Lakin düşündüyümüz kimi olmadı və gözləmə mövqeyindəyik. Dövlətimizin verdiyi qanuna uyğun olaraq hərəkət etməliyik. Fikrimcə, bu durum futbolçulara fizikadan daha çox psixoloji olaraq təsir edəcək. Ümid edirəm ki, məşqlərin bərpasına tez zamanda icazə veriləcək və futbolsevərlər stadionlara qayıdacaq. İstərdik ki, çempionatı davam edək və başa çatdıraq. Turnir cədvəlini də nəzərə alsaq, bütün komandaların avrokubok şansı var. Bu da mübarizənin gərgin olacağına işarə edir”.

 

“Neftçi”nin çalışdırıcısı Fizuli Məmmədov karantin müddətinin uzadılacağını gözləmədiklərini deyib: “Açığı, karantin müddətinin uzadılmasını gözləmirdim. Xəbər var idi ki, çempionat mayın 23-24-də start götürə bilər. Bu bizdə xoş əhval-ruhiyyə yaratmışdı. Karantin müddətinin uzadılmasını görəndən sonra ruh düşkünlüyü yarandı. Lakin hər kəs dərk edir ki, bu nəyə görədir. Bizim sağlamlığımız düşünülür və bütün futbolçularla da əlaqə saxlamışam. Yenə onlayn, individual məşqlərimizi davam etdirəcəyik. Ümid edirəm ki, çempionat bərpa ediləcək. Yaxın günlərdə xoş xəbərlərin gələcəyinə ümidliyəm. Məşqlərə başlasaq, 25-30 gün sonra liqanın başlaması mümkündür. Biz də qısa müddətdə mövsümü bitirə bilərik. Ümidim çoxdur ki, Premyer Liqa davam etdiriləcək”.

 

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov çempionatın bərpa olunacağına ümidləndiyini bildirib: “PFL-in açıqlamasından sonra ümidlənmişdik. Düşünürdük ki, komandalara qrup şəklində məşqlərə icazə veriləcək. Mayın sonunda da çempionat bərpa ediləcək. Əlbəttə ki, bu gün sağlamlıq daha önəmlidir. Lakin iş baxımından baxsaq, futbolçular psixoloji olaraq daha çox təsir altına düşdülər. Gözləyirdilər ki, məşqlər başlasın, darıxdırıcı günlər bitsin. Karantin müddətinin uzadılması onlarda psixoloji sarsıntı yaratdı.  Əgər mayın 31-nə qədər  məşqlər bərpa edilməsə, çempionatı davam etdirmək şansımız çox az olacaq. Hamı istəyir ki, çempionat bərpa olunsun. Lakin istəkdən asılı deyil. Futbolçular artıq 2 aydan çoxdur ki, məşq etmir və buna vaxt lazım olacaq. Onların sağlamlığın da riskə ata bilmərik.  Yəni indiki vaxta qədər düşünürdük ki, 3 həftə hazırlıq üçün bəs edər. Amma karantinin uzadılmasından sonra bu vaxt kifayət etməyək. Daha uzun müddət lazımdır. Onun da olacağını düşünmürəm. Məncə, bu səbəbdən çemponatın keçirilmə ehtimalları azalır”.

 

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov isə çempionatın bu vəziyyətdə dayandırılmasının tərəfdarıdır: “Gözləyirdim ki, karantin müddəti uzadılacaq. Ölkə başçısı da qeyd edib ki, ən əsas insanların, əhalinin sağlamlığıdır və buna görə də hazırki vəziyyətdə atılan addımlar, karantinin uzadılması ən doğru seçimdir. Sözsüz ki, pandemiya hər kəsə, xüsusən də idmançılara təsir edir. Daim məşq edən insanlar üçün evdə qapalı qalmaq ilk növbədə psixoloji zərbədir. Həmçinin, kollektiv şəklində məşq edə bilməmək də ümumi komandaya mənfi təsir göstərir. Düşünürəm ki, hazırda çempionatın elə bu vəziyyətdə dayandırılması daha məqsədəuyğun olar. 2 aya yaxındır ki, məşqlərdən, futboldan kənar qalmışıq. Əgər hazırda çempionat bərpa olunsa yüksək səviyyəli, baxımlı futbol izləyə bilməyəcəyik. Uzun fasilədən sonra avrokuboklara hazırlaşan komandalar üçün 4, çempionatın yeni mövsümünə hazırlaşmaq üçün isə 8 həftə lazımdır. Birdən birə qısa müddətdə komandanı lazımı kondisiyaya çatdırmaq mümkün deyil. Əgər çempionat bərpa olunsa bu zədə epidemiyasına da gətirib çıxaracaq. 2 aydan sonra qısa hazırlıq müddəti keçərək oyunlara çıxmaq futbolçuların sağlamlığına da zərbə vura bilər”.

 

“Zirə”nin baş məşqçisi Zaur Həşimov isə karantin rejiminin uzadılmasının gözlənilməz olduğundan söz açıb: “Karantin müddətinin uzadılması gözlənilməz oldu. Biz mayın 5-21-i məşq planını hazır etmişdik. Amma insan sağlamlığı daha önəmlidir. Karantinin uzadılması qərarınını anlayışla qarşılayıram. Hazırda vəziyyət qeyri-müəyyəndir. Lakin çempionatın davam etməsini istərdim”.

 

 “Səbail”in baş məşqçisi Aftandil Hacıyev PFL-in bir neçə gün öncə verdiyi açıqlamadan sonra proqram hazırladıqlarını açıqlayıb: “Açığı, çox ümidlənmişdik. Düşünürdük ki, mayın 4-də karantin başa çatacaq. Hətta mayın 23-dən çempionatın bərpası da gözlənilirdi. Buna görə proqram da hazırlamışdıq. Yenidən karantin rejiminin uzanacağına ehtimal vermirdik. Komandaya bütün bunların təsiri var, çünki uzun müddətdir ki, fasilədəyik. Lakin bu vəziyyət bütün komandalara eyni təsir edir. Çempionatın dayandırılacağının və yaxud davam etdirilməsi ehtimalının çox olması barədə danışmaq çətindir. İlk növbədə qərargahın cavabını gözləməliyik. Əgər may ayında məşqlərə başlaya bilsək, çempionatın davam etdirilməsi mümkün ola bilər. Lakin belə olmadığı halda çətin olacaq. Federasiya yəqin ki, müzakirələr aparacaq. Çünki sıx qrafikdə oynamaq çox ağır olar. Məşqlərə başlamaq lazımdır ki, oynayaq. Alternativ variantlar da ola bilər. Bu barədə federasiya daha yaxşı məlumat verəcək”.

 

“Sabah”ın çalışdırıcısı Jelko Sopiç  komandaların hazırlıq üçün 4-6 həftəyə ehtiyacı olacağını bildirib: “Eşitdim ki, karantin müddəti uzadılıb. Mənim nə düşündüyümün bir önəmi yoxdur, çünki qərarı dövlət verir. Onlar insanların sağlamlığını düşünürlər. Biz uzun müddətdir ki, məşq etmirik, oynamırıq. Komandaların hazır olması üçün 4-6 həftə vaxt lazım olacaq. Çünki bu qədər hazırlıq olmalıdır ki, sonra ciddi zədələr, zədəlilərin sayı çox olmasın. Təsəvvür edin ki, biz 75 gün sonra meydanlara qayıdacağıq. Bunun üçün qısa hazırlıq keçsək, böyük problemlər ortaya çıxa bilər. Bir ay ən azı toplanış keçib hazır ola bilərik. Qərarın isə bizdən asılı olan tərəfi yoxdur”(“Qafqazinfo”).

Tarix: 6 May [14:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
31 May 2020
30  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio