Kin, "təcrübə dovşanı" və reklam meneceri - YAZI

13:00 - 1 İyul 2020

AFFA-nın cahanşümül siyasəti nəticəsində milli dekabrdan başsızdı. Hə, mövcud pandemiya dönəmində bunun o qədər də önəmi yoxdu. Amma indiki durumun hamıdan çox "şüşəli sarayın baş vəzir"inin - Elxan Məmmədovun işinə yaradığı da faktdı. Niyə məhz Məmmədovun? Qurumda at oynadan icraçı vitse-prezident təcrübə dovşanına çevirdiyi yığmanın üzərində yeni-yeni sınaqlar aparmaq fürsəti qazanıb. Zəlzələdənmi, vəlvələdənmi, əfsanələşən COVİD 19 olayı adamın manevr imkanlarını bir qədər də genişləndirib. İndi həm yaxşı bəhanəsi var, həm də mətbuatdan əvvəlkindən də betər qaçmaq imkanı...

 

Məşhur futbol veteranı Roy Kinin millinin baş məşqçi postuna əsas namizədlərdən biri olmasını qurum özü də rəsmən təsdiqləyibsə, deməli, bu haqda müəyyən fikirlər səsləndirməli, mənəvi öhdəliyimizi yerinə yetirməliyik. Şübhəsiz, oynadığı dönəmdə haqq etdiyi nüfuzu qazanan irlandiyalı nə yaxşı, nə də orta səviyyəli məşqçidi. Sadəcə, bərbaddı! İngiltərə mənbələrinə baş vursaq, "Sanderlend"i elitaya qaytarandan sonra uğur qazana bilməməsi həm xarakterindəki çatışmazlıqlar, həm də belə desək, yeniliklərlə ayaqlaşa bilməməsi ilə bağlıdı. Effektsiz sərtliyi, oynadığı dönəmin futbolunun nə dərəcədə dəyişdiyini sezə bilməməsi özlüyündə maraqlı məqamlardı. Nə yazıq ki, adam 2011-ci ildən bəri Vəli Qasımov demişkən, inkişaf etmək əvəzinə dal-dala gedir. 9 ildi ki, hər hansı özünə hörmət edən komandadan baş məşqçi olmaq təklifi almayıb. Şəxsi münasibətləri hesabına bir vaxtlar formasını geyindiyi "Nottingem Forest"də fransalı mütəxəssisə - həmyaşıdı Sabri Lyamuşiyə (fransız Kindən 3 ay kiçikdi) kömək edir. Böyük ehtimalla, bu mövsüm də Premyer Liqaya vəsiqə qazana bilməyəcək "meşəbəyilər"in ana problemləri məntiqlə, bizlər üçün indilik xüsusi əhəmiyyət daşımamalıdı. Bu məqamlar üzərində Kin yığmaya "yapışdırılacağı" halda dayanmaq olar.

 

Əslində, AFFA-dakı əlaltılarının ağzını lazım olandan da yaxşı bağlayan Məmmədov avam adam deyil. Özü də bilir ki, nəinki Kin, heç Azərbaycan millisini çalışdırmağa razılıq verəcək ən yaxşı əcnəbi də təmsilçimizlə ciddi dirçəlişə imza atmayacaq. Assosiasiyada kök atan adamın dünyanın gözünü kor qoyub Kinə təklif göndərməsinin isə bircə adı var: növbəti mənəvi cinayət! 

 

Britaniya futbolu ilə azərbaycanlıların oynaya bildiyi arasında uzlaşma axtarmaq üçün ya futbolu bilməməlisən, ya da yumşaq desək, özünü axmaqlığa qoymalısan. Zamanla "Arsenal"ın əfsanəsi Toni Adamsın "Qəbələ"dəki fəaliyyətini də görmüşük, barmaqla sayılacaq sayda britaniyalının Azərbaycan çempionatındakı oyunlarını da... Şübhəsiz, İngiltərə mətbuatında yayılan xəbərdən sonra biz də özlüyümüzdə daha çox futbol ictimaiyyətini ələ salmaq sayılan təklifin Roya niyə göndərildiyi üzərində baş sındırdıq. Bircə tutarlı faktdan başqa heç nə tapmadıq. Roy pivə və viski azarkeşidi. Hələ "Mançester Yunayted"də oynadığı dönəmdə jurnalistlərin hər axşam "Yaralı Canavar" pabında tapdığı ulduz oyunçu gündəlik spirtli içki qəbul edir. Adams kimi əyyaşlıq üzündən bir neçə dəfə müalicə almasa da, boğazını yaşlamayanda keyfi yerində olmur. Məlum səbəbdən təxirə düşən AÇ oyunlarındakı mümkün pivə çatışmazlığından dəm vuran Elxan bəyin Kin sevdası yalnız bundan qaynaqlana bilər. Təbii, müasir reklam məsələlərindən anlayışı olan "vəzir"in irlanda beynindəki marketinq planlarını həyata keçirmək üçün yaxşı vasitə gözüylə baxması da ağlabatandı (fanat.az).

Xəbər xətti