Donald Gerye: "Ən yaxşı variant "Qarabağ"a qayıtmaq idi"

10:46 - 4 İyul 2020

"Neftçi"dən ayrıldıqdan sonra "Qarabağ"a qayıdan Donald Gerye "Haiti Tempo" nəşrinə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı cinah futbolçusu Ağdam klubuna keçidini şərh edib:

 

"Qarabağ"a qayıtdım. Burada həmişə özümü özəl hiss etmişəm. Müəyyən fikir ayrılığı olmuşdu, ancaq indi xoşbəxt və möhtəşəməm. Özümü evdə hiss edirəm".

 

Gerye "Neftçi"dən ayrıldıqdan sonra Türkiyədən təklif aldığını bildirib:

 

"Neftçi"dən ayrılandan sonra agentimlə danışdım. Mənə Türkiyədən təkliflər olduğunu dedi. Ancaq bilirsiniz, indiki durumda maliyyə problemləri var. Ən yaxşı variant "Qarabağ"a qayıtmaq idi. Bu, yaxşı komandadır, tanıyıram və bura mənim evimdir. Maliyyə problemi yoxdur, məvaciblər vaxtında ödənilir. Həyat yoldaşım da "Qarabağ"a qayıtmağımı istədi. Bəzi futbolçularla danışdım, onlar da geri dönməyimi arzuladılar. Hətta bəzi azarkeşlər də bunu istəyirdi. Biz müzakirə etdik və ən yaxşı seçimin "Qarabağ"a qayıtmaqda gördüm. Buna görə də sözləşmə bağladıq".

 

Haiti millisinin üzvü klub rəhbərliyi və komandanın baş məşqçisi Qurban Qurbanova təşəkkür edib:

 

"Qarabağ"da həmişə yaxşı oynamışam. Bunun üçün ailəmə və yoldaşıma minnətdaram. Klub rəhbərliyi və baş məşqçi Qurban Qurbanova da təşəkkür edirəm. Yenə də əlimdən gələni edəcəyəm. Formamı yığacağam və gerçək Donald Geryeni göstərəcəyimə inanıram. "Neftçi"də olarkən Qurban Qurbanovla görüşmüşdüm. Ona görə yox ki, məni geri qaytarsın. Sadəcə, o, yaxşı insandır. Mənim üçün çox şey edib və uğurlarımın bir parçası Qurbanovdur. Münasibətlərimiz qalırdı və həmişə əlaqə saxlayırdıq".

Xəbər xətti