Flavinyo: "Neftçi" ilə Avropa Liqasının qrup mərhələsində oynamaq karyeramın pik nöqtəsi idi"

“Neftçi”nin keçmiş futbolçusu Flavinyo futebolnaveia.com.br saytına müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı veteran oyunçu Azərbaycandakı karyerasından danışıb:

 

"Azərbaycan çox maraqlı idi, ancaq daha əvvəl bunu bilmirdim. Çünki bu ölkə haqda heç nə eşitməmişdim. Hətta müharibə ölkəsi olduğunu düşünürdüm və qorxurdum. Buna baxmayaraq, tamamilə fərqli oldu, uyğunlaşmağım da rahat idi. İnsanlar mənə çox yaxşı münasibət göstərdi və ölkəni çox bəyəndim. Futbol da inkişaf edirdi, Azərbaycanın arzusu ikinci Dubay olmaq idi. Neftləri olsa da, turizm ölkəsi olmaq istəyirdilər. Mənim üçün ən böyük çətinlik mədəniyyətlə bağlı idi. Avropa ölkəsi olmasına baxmayaraq, insanlar hələ də əcnəbilər üçün çox qapalıdırlar. Klubda və birlikdə yaşadığımız insanlar bizə çox yaxşı münasibət göstərirdilər. Ailə kimi idik, lakin alış-verişə, restorana, bazara gedəndə insanlar sənə başqa cür baxırdılar. Oradakı illərim əla keçdi, çox minnətdaram, şikayət edəcəyim heç nə yoxdur. Orada yaşadığım müddətdə öz həyatım üçün dərs götürdüm".

 

Braziliyalı vingeri Azərbaycan çempionatı barədə fikirlərini bölüşüb:

 

"Azərbaycan futbolu çox fərqlidir. Orada 4-3-3 taktiki sxemi ilə Avropa standartlarını qorumağa çalışırlar. Texniki cəhətdən zəif, amma fiziki baxımdan yaxşı və sürətlidirlər. Çox qol vurulur, lakin driblinq, fərdi keçidlər və baxımlı hücumlardan az istifadə edilir. Daha kompakt oynayırlar. Bu da mənə çox kömək oldu, çünki fərdi oynamağı və driblinqi sevirdim. Orada mənim kimi futbolçular az olduğu üçün gedən kimi fərqlənməyə başladım".

 

Keçmiş futbolçu Avropa Liqasının qrup mərhələsində oynadığı dönəmi xatırlayıb:

 

"Avropa Liqasında çıxış etmək Braziliyanın 4 çempionatında oynamış olmağıma baxmayaraq, karyeramın pik nöqtəsi idi. Ən yaddaqalan oyunum İtaliyada “İnter”ə qarşı olub. Heç vaxt yaşamadığım hissləri keçirdim. Azərbaycana gedəndə bilirdim ki, onların avrokubok təqvimi var. Amma Avropa Liqasının qrupunda oynamağı mümkünsüz hesab edirdim. Lakin “Neftçi” Azərbaycanda Avropa Liqasına gedən ilk klub oldu. Həmin musiqini “San Siro”da eşitmək… Heç şübhəsiz, mənim üçün ən təsirli məqam o stadiona ayaq basmaq olub".

 

2010-20150ci illərdə "ağ-qara" formanı geyinən Flavinyo "Neftçi"də qazandığı titullardan söz açıb:

 

"3 dəfə liqanı, 2 dəfə isə ölkə kubokunu qazandım, yəni, 5 titulum var. Karyeramın ən yaxşı mərhələsini Azərbaycanda keçirmişəm. Çünki hər şeyi orada qazandım, Braziliyada yox. Orada ilin ən yaxşı oyunçusu, ölkənin ən yaxşı futbolçusu seçilmişəm. Bu mənada Azərbaycan karyeramın ilk 3 ilini ən yaxşı hesab edirəm, 5 titul qazanmağı bacardım".

Tarix: 8 İyul [11:46]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Avqust 2020
11  Avqust 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio