Yunis Hüseynov: "Çempionluğa oynayırıq"

23:34 - 11 Sentyabr 2020

Azərbaycan Premyer Liqasında II turun “Keşlə” – “Qarabağ” oyunundan (0:0) sonra təşkil edilən mətbuat konfranslnda meydan sahiblərinin baş məşqçisi Yunis Hüseynov jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi:

 

- Maraqlı oyun alındı.”Qarabağ” Azərbaycanın ən yaxşı komandalarından biridi. Ciddi hazırlaşmışdıq. Məqsəd 3 xal qazanmaq idi. Narazılığım yoxdu. Komandamız belə döyüşkən oyun göstərsə, yaxşı yerlər uğrunda aparacaq. “Qarabağ”a uğurlar arzulayıram.

 

- “Laçi” ilə oyundakı “Keşlə” ilə indiki arasında böyük fərq var idi...
- Avrokubok matçı 1 oyundan ibarət olur. Onda istək həddən artıq idi. Həmin matçda komandamız pis təsir bağışlamamışdı. Sadəcə, imkanlardan yararlana bilməmişdik. Epizodlardan biri qol olsaydı, indi fərqli danışardıq, deyərdik ki, “Laçi”yə qarşı da yaxşı çıxış etmişdik. Uşaqlara demişəm ki, hər matç bizim üçün final xarakteri daşımalıdı. Komanda bunu dərk edir. Bu gün də özlərini yaxşı tərəfdən göstərdilər. Getdikcə oyunumuz inkişaf edəcək.

 

- Kriştovao "Keşlə"də kiminəlindən qaçıb?
- Heç kimin əlindən qaçmayıb. “Son iki matçda əsas heyətdə oynamışdı. Heç kimə demədən özü bilet alıb, gedib. Səbəbini bilmirəm. Yəqin ki, ailəsini görmək üçün gedib. Amma bu zaman icazə almaq lazımdı. Ancaq icazəsiz komandanı tərk edib. Bizim xəbərimiz olmayıb. Mən də məsələ qaldırmışam ki, bizə belə futbolçu lazım deyil. Komandada icazəni baş məşqçidən alırlar. Mənə heç nə deməyib. Deməli, komanda onun üçün heç bir önəm kəsb etmir.

 

- Gəlib üzr istəsə, onu bağışlaya bilərsiz?
- Xeyr.

 

- Yüksək yerlər uğrunda yarışacağınızı dediz, niyə çempion olmaq yox?
- Yaxşı yerlərdən biri ilk “3-lük”də qərarlaşmaqdı. Bunun içində çempionluq da var. Bu, futboldu. Niyə də çempion olmayaq?! Çempionluğa oynayırıq. Bunun nə dərəcədə alınacağını oyunlarımız göstərəcək. Bütün oyunlara final matçı kimi yanaşsaq, alına bilər.

 

- Bu gün komandanın sanki əlavə motivasiyası var idi. Oyundan əvvəl hansı cümlələri demişdiz?
- Onlar mənə aid olan cümlələrdi. Ki, futbolçular meydana çıxıb canlarını qoyurlar.

 

- Ehtiyat oyunçular skamyasında yaşlı futbolçularınız var. Onları sizin "qanadlarınız" adlandırmaq olar?
- Təcrübəli futbolçular baş məşqçiyə dayaqdı. Onlar mənə dəstək olurlar. Bu da böyük şeydi. Futbolçunun pasportu meydandadı.

Xəbər xətti