Elmar Baxşıyev: "Layiqli qələbə qazandıq"

18:27 - 31 Oktyabr 2020

Azərbaycan Premyer Liqasının VIII turunun “Qəbələ” – “Sabah” oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. 

Sportal.az xəbər verir ki, 40 yaşlı mütəxəssis komandasının mövsümdə ilk qələbəsini belə şərh edib:

“Komandanı həm məşqlərə, həm də oyuna hazırlamaq bir az çətin olur. Çünki biz də daxil olmaqla hamının bütün fikirləri Qarabağdadı. Hər dəqiqə dualarımız, düşüncələrimiz əsgərlərimizin yanındadı. İnanırıq ki, Ordumuz millətimizi sevindirib, layiqli torpaqlarımızı qaytaracaq.

Qarşılaşmaya gəlincə, indiyədək keçirdiyimiz matçlara nəzər yetirsək, komanda olaraq çox keyfiyyətli oynayırdıq. Çalışırdıq ki, hücumda yaxşı futbol göstərək. Sadəcə qələbə çatmırdı. Bu gün fərdi oyunçularla deyil, komanda şəklində məzmunlu oynayıb qalib gəldik.

Heyəti son anda gücləndirə bildik. Yeni oyunçular gec, bəziləri II-III turda sıralarımıza qoşuldu. Futbolda oyunçulara uyğunlaşmaq üçün vaxt lazımdı. Biz məşqlərdə görürdük ki, hansısa komponentdə daha da yaxşılaşır.  Komandanın çıxışından razıyam, hücumda oynamağa çalışır. Hər oyunda 4-5 qol şansımız olur. Lakin dəyərləndirə bilmirdik. Qələbə olmayanda soyuqqanlılıq da itir. Bu gün layiqli qələbə qazandıq. İnanıram ki, daha yaxşı olacaq.

Əvəzlənən qapıçımız Anar Nəzirov dizində ağrılar hiss etdi. MRT müayinəsindən sonra durumunu dəqiq biləcəyik. Qapıçılar arasında fərq qoymuruq. Anar daha təcrübəlidi. Tərlan Əhmədli də onu əvəz edə biləcək qolkiperdi”.

Xəbər xətti