"Son ev matçımızda xal qazanmağa çalışacağıq" - Qara Qarayev

17:38 - 2 Dekabr 2020

"Qarabağ"ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin V turunda "Makkabi"yə (Tel-Əviv) qarşı sabahkı oyun barədə fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu oyunöncəsi mətbuat konfransında deyib:

"Güclü komandaya qarşı oynayacağıq. "Makkabi" yaxşı müdafiə olunmaqla yanaşı, qol vurmağı da bacarır. Çox diqqətli olmalıyıq. Son zamanlarda heyətlə bağlı problemlərimiz var. Ancaq azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik. Son ev oyunumuzda xal qazanmağa çalışacağıq".

28 yaşlı yarımmüdafiəçi son zamanlar meydana müdafiəçi kimi çıxmasının onun üçün çətinlik yaratdığını qeyd edib: "Sonuncu müdafiəçi kimi oynamaq vərdişlə bağlıdı. Uzun müddətdi bu mövqedə oynamasam da, orta xətlə oxşarlığı var. Mənim üçün çətindi. Son vaxtlar heyətdəki problemlərə görə bu addım atılıb. Fərqi hiss etdirməməyə çalışacağam".

 Sabah İstanbuldakı "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Makkabi" matçı Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

Xəbər xətti