İbrahim Qədirzadə: "Xəzər Lənkəran"ın adını yaşatmaq biz yetirmələrinə düşür" MÜSAHİBƏ

Gürcüstanın “Samtrediya” klubuna keçən azərbaycanlı futbolçu İbrahim Qədirzadənin müsahibəsi...


- Əvvəla ölkə xaricinə çıxmağın münasibətilə səni təbrik edirik...
- Təşəkkür edirəm.


- “Samtrediya”ya keçidin necə alındı?
- Mövsümün ikinci yarısının startına 15 gün qalmış təklif gəldi. Danışıqları Vaqif müəllim (menecer Vaqif Heydərlini nəzərdə tutur – red.) aparırdı. Sağ olsun, çox inandığım insandı, hər bir qərarı mənim üçün ən üst səviyyədədi. Həmin zaman “Neftçi-2”nin heyətində “Qarabağ-2” ilə oyuna hazırlaşırdıq. Matça 3 gün qalmış Vaqif müəllim klubla danışdı və qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdik. Ondan sonra “Samtrediya”ya qoşulmaq üçün Gürcüstana gəldim.


- Orda maliyyə şərtləri Azərbaycandan yuxarı deyil. Deməli, səni qonşu ölkəyə aparan pul amili olmayıb. Bu qərarı verməyində əsas rolu nə oynadı?
- Təbii ki, burda maliyyə baxımından Azərbaycan Premyer Liqası ilə çox böyük fərq var, rəqəmlər çox aşağıdı. Bu səbəbdən, bəli, gəlməyimdə pul amili rol oynamadı. Əsas məsələ özümü ölkə xaricində sınamaq istəməyimdi.


- Müqavilənin şərtləri açıqlanmayıb. “Samtrediya”da nə qədər oynayacaqsan?
- Müqaviləm ilin sonuna qədərdi.


- Bir müddətdi klubun düşərgəsindəsən. Adaptasiya prosesi ecə gedir? Özünü qərib hiss etmirsən ki?
- Məni komandada çox yaxşı qarşıladılar. İlk günlərdən özümü çox rahat hiss edirəm. Uyğunlaşma ilə bağlı hər hansı çətinlik çəkmirəm, qəribçilik yoxdu.


- Ünsiyyət qurmaqda necə, problem varmı? Dil məsələsini necə yoluna qoyursan?
- Dil probleminin olmadığını deyə bilmərəm. Ancaq rus dilini müəyyən qədər bildiyim üçün bu dili bilən futbolçular və məşqçi heyəti ilə belə ünsiyyət qururuq. Artıq gürcü dilini öyrənməyə başlamışam. Əvvəllər “Səbail”də oynamış Tamazi Tsetxaladze burdadı. O, mənə kömək edir. Yavaş-yavaş öyrənməyə çalışıram.


- Artıq bir yoxlama matçında oynamaq imkanı qazanmısan. İlk oyunun necə alındı?
- Yoxlama oyununda meydana çıxdım. Təbii ki, özümü məşqçilər heyətinə göstərməyim və rəsmi görüşlərdə şans qazanmağım üçün bu matçlar əhəmiyyətlidi. Deyərdim ki, ilk oyunum pis alınmadı. Meydanda əlimdən gələni etməyə çalışırdım.


- Bu mövsüm üçün klubun əsas məqsədi nədi?
- Çempionat yeni başlayır. Yüksək yerlər uğrunda mübarizə aparacağıq.


- Yaxın planda və gələcəklə bağlı şəxsi hədəflərin nələrdi?
- İndi yalnız “Samtrediya”nı düşünürəm. Əsas məqsədim komandada möhkəmlənib, maksimum əsas heyətdə yer almaqdı.


- Azərbaycanlı futbolçular ölkə xaricində çox tab gətirmir və adətən tez geri qayıdırlar. Sənin istiqamətin, fikrin qərbə yönəlib, ya...
- Bu barədə ümumiyyətlə düşünmürəm. İndi yalnız oynamaq istəyirəm. Daha yuxarılara getmək üçün özümü göstərib, komandada möhkəmlənməyi düşünürəm.


- Səndən əvvəl Azərbaycanda az qala karyerasını bitirmək həddində olan Nicat Qurbanov “Samtrediya”ya getmiş və orda özünü yaxşı tərəfdən göstərmişdi. Düzdü, sən hələ karyeranın əvvəllərindəsən, ancaq etiraf etmək lazımdı ki, indiyə qədər əsasən əvəzedici komandalarda və ya I Divizionda oynamısan. “Samtrediya”nı karyeranda yüksəlmək üçün şans kimi görürsən?
- Əslində, həmin zaman Nicatın özü belə karyerasını bitirmək yaşında deyildi. Son zamanlar oynadığı futbol da bunu göstərir. Sadəcə, komandanın azlığından bu qərara gəlmişdi. Bura gələndən sonra onunla danışmışam müəyyən şeyləri soruşmuşam. Elə yaşımdayam ki, oynamalı, daim meydanda olmalıyam. “Samtrediya”nı özümə uyğun və yaxşı seçim hesab edirəm. Kənar məsələlər barədə düşünmək istəmirəm. Fikrimi maksimum məşqlərə yönəltmişəm ki, özümü göstərə bilim. Mümkün olsa, əlbəttə, daha yuxarı komandalarda da oynamağı istəyərəm.


- “Xəzər Lənkəran”ın yetirməsisən, klub indi mövcud olmasa da, akademiyasında futbola başlayan uşaqlar müxtəlif yerlərdə oynayırlar. O adı yaşatmaq üçün özündə mənəvi bir borc hiss edirsənmi?
- “Xəzər Lənkəran” mənim üçün tam başqa bir anlamdı. Bunu məni tanıyanlar bilirlər. “Xəzər Lənkəran”ın əvvəl azarkeşi olub, sonra orda oynamışam. Əlbəttə, klubun yenidən olmasını istəyirəm. Ancaq indiki halda, “Xəzər Lənkəran”ın adını yaşatmaq biz yetirmələrinə düşür. Arzu edirəm ki, bir gün klub da qayıdacaq.


- Karyeranda, missiyanda sənə uğurlar!
- Təşəkkürlər! (futbolpress.az)

Tarix: 28 Fevral [01:08]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Aprel 2021
17  Aprel 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio