"Berti Foqts məni Azərbaycan millisinə dəvət etmək istəyirdi, sadəcə ona qədər mən Seneqal yığmasında oynamışdım"

Karyerasının böyük hissəsini Azərbaycanda keçirmiş legionerlərin siyahısı çox deyil. Uzun illər ölkəmizdə çıxış etmiş, karyerasını başa vurduqdan sonra da Azərbaycanda qalaraq məşqçi kimi çalışan Xalidu Sissoko Sportal.az saytına müsahibə verib. Seneqalın "Janna Dark" klubundan ayrıldıqdan sonra “Bakı”ya keçən veteran qapıçı aktiv futbolçu karyerasını elə paytaxt klubunda başa vurmuşdu.

- Xalidu, işlərin necə gedir? 
- İcazə verin, Hafiz Məmmədov və azərbaycanlı futbolsevərləri salamlayıram. Hazırda Seneqal millisində texniki direktor və aşağı yaş qruplarından ibarət yığmalarda məşqçi kimi çalışıram.

- Karyeranın əsas hissəsini “Bakı”da keçirmisən. Heç olmasa, bu komandadan keçirdiyin hansısa oyunu daima xatırlayırsan?
- Unudulmayacaq oyunlar çoxdu. Amma daha çox xatırladığım "Simurq"a qarşı keçirdiyimiz oyundu. Son turda qarşılaşmışdıq və qələbə bizə çox vacib idi. Çünki çempion olmaq üçün bizi yalnız qələbə qane edirdi. Son dəqiqədə Vadim Boretsin vurduğu qolla çempion olduq. Həmin oyun ən unudulmazlardandı.

- Azərbaycandan ayrıldıqdan sonra “Bakı”dakılarla münasibətin qalmışdı?
​- Azərbaycandan ayrıldıqdan sonra da mənim Hafiz Məmmədov, Zeynal Məmmədov, Yaşar Seyidov, Nail Əliyev, futbolçularla çox yaxşı münasibətim var idi. Onların hamısını böyük qardaş hesab edirəm. Hafiz Məmmədov hörmət qoyulası insandı.

- “Bakı”nın fəaliyyət göstərməməsi, baza və stadionun yerində binaların tikilməsindən xəbərdarsan?
-“Bakı”nın dağılması, artıq bazanın olmaması, üzücüdü. Əslində bunların hamısı Azərbaycan futbolu üçün xoş olmayan hadisələrdi. Çünki həmin baza Azərbaycan futbolunun inkişafının bir hissəsi idi. Xüsusilə də paytaxtdakı futbolsevərlər üçün, futbolla məşğul olanlar üçün belə idi.

- Vaxtilə “Bakı” çox yaxşı maddi imkanlara sahib idi, daima transferlər həyata keçirirdi. Lakin heç vaxt avrokuboklarda qrup mərhələsinə qala bilmədiniz. Səbəb və ya problem nə idi?
- Qrupa düşməyimiz üçün heç bir problem yox idi. Çempionlar Liqası, Avropa Liqasının qruplarına qalmaq üçün təkcə pul və transferlər deyil ki, məsələ. Gözləmək, səbr və etmək etmək lazımdı. Təsnifat mərhələlərini də bir neçə dəfə oynamaq lazımdı. Təcrübə önəmlidi. Əgər 1-ci dəfədən qrup mərhələsinə düşmək şansınız varsa, siz qrupda böyükhesablarla uduza bilərsiniz. 

- “Qarabağ”ın yeni transferlərindən biri həmyerlin İbrahima Vadjidi. Onun haqda hansı fikirdəsən?
- İbrahima Vadjini tanımıram. Sadəcə onu bilirəm ki, seneqallı futbolçularda xarakter var. Onlar meydanda əsl mübarizə aparıb, komandaya xeyir verməyə çalışır. Hansı komandada olmasından asılı olmayaraq bu belədi. 

- Azərbaycanı tərk etdikdən sonra Bakıya geri dönmək şansın, planın olub?
- Azərbaycanda unudulmaz 14 il keçirmişəm. Oradan təklif olarsa, məmmuniyyətlə çalışmağa gələrəm. Sadəcə mənim pasportumu yeniləməməkləri məni üzmüşdü. Çünki həmin pasport Azərbaycan və Seneqal arasında səyahət etməyimə imkan verirdi. Ancaq 2011-ci ildə səlahiyyətlilər pasportu təzələmək istəmədilər. Azərbaycan mənim ölkəmdi, oranı çox sevirəm. Azərbaycana gələ bilmirəm, çünki Seneqalda Azərbaycan konsulluğu yoxdu, yalnız Mərakeşdə, Kasablankada var konsulluq. Görək də.

- Azərbaycanda oynadığın dönəmdə başqa klubdan təklif heç almamışdın?
- O vaxtı bir neçə klubdan təklif almışdım. Amma həmişə ürəyim “Bakı” ilə döyünürdü, ona görə də bu klubda qalmışdım. Vaxtilə Berti Foqts məni Azərbaycan millisinə dəvət etmək istəyirdi. Sadəcə mən ona qədər Seneqal yığmasında oynamışdım. Yoxsa, Azərbaycan millisində də oynayardım.

Tarix: 1 Sentyabr [16:43]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16  Sentyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio