"Bura gəlmişiksə, əliboş dönməməliyik" - yeni transfer

23:00 - 27 Oktyabr 2021

"Karyerama Braziliyanın I liqasında başlamışam. 4 il orada oynadıqdan sonra Avropaya yollandım. Belçikanın “Hallo-Gooik” klubunda çıxış etdim. Ardınca Fransanın “Monpele” komandasının formasını geyindim. Növbəti dayanacağım fərqli qitə oldu və Qətər klublarının birindən gələn təklifi dəyərləndirdim".

 

Sportal.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın futzalçısı David Qustavo karyerası barədə federasiyanın rəsmi saytına müsahibəsində deyib.

 

Braziliyalı hücumçu bildirib ki, daha əvvəl beynəlxalq oyunlarda iştirak etməyib: "İlk dəfə UEFA Çempionlar Liqasında mübarizə aparacağam. Əlbəttə, buna görə sevinirəm. İdmançı üçün beynəlxalq oyunlarda iştirak etmək, uğur qazanmaq əvəzolunmaz hisslərdir. Ümid edirəm ki, mənim də siftəm uğurla yadda qalacaq və karyeramda yaxşı təcrübə olacaq".

 

Təxminən 20 gündür Azərbaycan çempionunun düşərgəsində olan 25 yaşlı forvard uyğunlaşa probleminin öhdəsindən gəldiyini söyləyib: "Çünki əla kollektivimiz var. Hər keçən gün bir-birimizi daha yaxşı başa düşürük. Həm də peşəkarlarla işləmək, bir komandada yer almaq çətinlik yaratmır. Baş məşqçi və heyətdəki bir neçə oyunçu həmyerlimdir. Bu amil də mənə xeyli kömək edir".

 

Qustavo "Araz-Naxçıvan"dan təklif alanadək Azərbaycan haqqında məlumatının olmadığını deyib: "Amma artıq buradayam və buna görə də peşman deyiləm. Ölkəniz mənim üçün maraqlıdır. Gözəl şəhəriniz var, mətbəxiniz zəngin və dadlıdır. İnsanlarınız aqressiv deyil. Həm də burada braziliyalı futzalçıların olması da seçimimə təsir etdi. Çünki dil, ünsiyyət problemim yoxdur. İngilis dilini bilməyim də işimə yarıyır".

 

Futzalçı Azərbaycan mətbəxindən kababı çox sevdiyini vurğulayıb: "Xüsusilə də lülə kababı. Qətərdə oynayan vaxt orada da bu kababdan yemişdim. Amma sizdə bir qədər fərqli bişirirlər. Burada yediyim daha dadlıdır".

 

Bakını gəzməyə də vaxt tapan "sambaçı" çoxlu şəkillər çəkdirdiyini bildirib: "Həmin şəkilləri ailəmə də göndərdim. Onlar bu cür gözəl şəhərdə yaşadığıma görə çox sevinirlər. Həqiqətən də düşündüyümdən daha yaxşı şəhər gördum. İnternetdən müəyyən bilgilər əldə etmişdim. Əyani görmək isə bir başqadır".

 

Hücumçu yeni komandasının Çempionlar Liqasının əsas mərhələsindəki şanslarını da dəyərləndirib: "Çətin qrupda yer almışıq. İşimiz heç də asan olmayacaq. Amma komanda yoldaşlarım əvvəlki mərhələdə yaxşı iş görüblər. Həmin uğurun davamını gətirməliyik. Bunun üçün də hər oyuna 100 faiz məsuliyyətlə, ürəklə yanaşmalıyıq. Bu cür olacağına əminəm. Komanda yoldaşlarıma inanıram və yekun nəticənin bizi sevindirəcəyinə ümidliyəm".

 

Qustavo ilk turda qarşılaşacaqları Ukrayna "Uraqan"ını analiz etdiklərini söyləyib: "Rəqibin "Xerson"la son turda keçirdikləri matça baxdıq. Fərqli taktika ilə oynayırlar. Fiziki planda güclüdürlər. Fərdi keyfiyyətlərinə görə seçilən futzalçıları var. Amma mübarizə aparmaq, sərfəli nəticə qazanmaq mümkündür".

 

Heyətdəki itkilərə toxunan forvard Rizvan Fərzəliyev və İsaq Suğalın zədə səbəbindən komandaya kömək edə bilməyəcəyini xatırladıb: "Xətai Bağırov də ilk oyunda meydana çıxmayacaq. Əlbəttə, hər bir oyunçunun yoxluğu komanda üçün itkidir. Lakin elə etməliyik ki, onların yoxluğu aşkar şəkildə görünməsin. Heyətimizdə rotasiya etmək üçün futzalçılar var. Baş məşqçimizin də müəyyən planları olacaq. Bura gəlmişiksə, əliboş dönməməliyik".

 

O, yol yorğunluğuna baxmayaraq, ilk məşqin yaxşı alındığını əlavə edib: "Örtük yaxşıdır, elə sabah oynayacağımız top da xoşuma gəldi. Uşaqlar çox itəklidirlər. Qalır bu istəyi meydanda göstərmək və nəticəyə çevirmək. Bunu bacaracağıq. Şansımızı 60 faiz dəyərləndirərdim. Bu ümumi qrupun yekun nəticəsi ilə bağlıdır".

 

B yolunda yer alan "Araz-Naxçıvam" "Uraqan" (Ukrayna), "Ligeni" (Kosovo) və "Yunayted Qalati" (Rumıniya) klubları ilə birlikdə 6-cı qrupda mübarizə aparacaq. Azərbaycan təmsilçisi ilk görüşünü oktyabrın 28-də "Uraqan"a qarşı keçirəcək.

Xəbər xətti