"Keşlə" matçında da maksimum nəticə qazanmaq istəyirik"

11:15 - 24 Noyabr 2021

"Neftçi" oyununa çox yaxşı hazırlaşmışdıq. Rəqibin güclü tərəflərini bilirdik. Oyundan əvvəl bunun üzərində çox işləmişdik. Meydana 1 yox, 3 xal üçün çıxmışdıq. Doğrudu, 1-ci yarıda sanki bir az tələsirdik. Bəlkə də ona görə hücumları istədiyimiz kimi qurmağımız bir az alınmırdı. Ancaq fasilədən sonra baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq. Nəticə də gəldi".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Sabah"ın futbolçusu Slavik Alxasov deyib.

Premyer Liqanın 11-ci turu çərçivəsində "Neftçi" ilə qarşılaşan "Sabah" rəqibi 2:1 hesabı ilə səfərdə məğlub edib. Masazır təmsilçisinin müdafiəçisi komandasının uğurlu çıxışı barədə bunları deyib: "Neftçi"nin güclü komanda olduğunu bilirdik. Hər halda son mövsümün çempionudular. Çox yaxşı köklənmişdik oyuna. Meydanda sona qədər mübarizə aparmalısan ki, qələbə qazanasan. Biz də bunu etdik. Murad Musayevin necə məşqçi olduğunu deməyə ehtiyac yoxdu, çünki onu hamı tanıyır. Bəli, hər mütəxəssisin öz oyun fəlsəfəsi var və gələcəkdə onunla uğurlarımızın çox olacağına inanırıq".

Alxasov, növbəti turda "Keşlə" ilə qarşılaşacaq komandasının meydana qələbə üçün çıxacağını söyləyib: "Keşlə" yaxşı komandadı, heyətində yaxşı yerli və legioner futbolçular var. Onsuzda çempionatımızda rahat oyun olmur. "Keşlə" matçına hazırlığımızı davam etdiririk. "Keşlə" ilə oyunda da maksimum nəticə qazanmaq istəyirik".

Xəbər xətti