Rəşad Sadıqov: "Bu oyun bizim üçün böyük bir dərs oldu"

Azərbaycan Kubokunda "Qarabağ" - "Zirə" finalından sonra "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

Sportal.az xəbər verir ki, o, əvvəlcə matçla bağlı fikirlərini bildirdi:

- Finala layiq oyun oldu. Maraqlı hadisələr baş verdi. İlk hissədə yaxşı mübarizə getdi, rəqibə qol epizodu yaratmaq imkanı vermirdik. Qol da vurduq. İkinci qol epizodumuz da oldu. Oyunun qırılma nöqtəsi Şahruddinin seyvi idi. “Qarabağ”a qarşı 1:0 təhlükəlidir. İkinci hissədə rəqibin təzyiqi artıracağını bilirdik. Qol buraxanda azlıqda idik. Məhz Zubirə qarşı oynayan Qismət meydanda deyildi və o, möhtəşəm qol vurdu. Bundan sonra rəqib daha rahat oynadı. Futbolçularımla fəxr edirəm. Sona kimi döyüşdülər. “Qarabağ”ı təbrik edirəm. Layiqli “qızıl dubl” etdilər. Bu oyun bizim üçün böyük bir dərs oldu. Anladıq ki, böyük komandalara qarşı, finallarda da oynaya bilərik. Futbolçular çəkinmir, qorxmurdular. Penalti vuran futbolçularımızın zədələnməsi bizim üçün çətin oldu. Komanda möhtəşəm mövsüm keçirdi. Titul da qazana bilərdik. Amma sonluqdakı çətin qrafikdə əlimizdən gələnin maksimumunu etdik. Camiəmizi təbrik edirəm. Konfrans Liqasında ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq.

- Qışdan sonra “ayağı bağlanan” Volkovun elə penalti vurması barədə nə deyə bilərsiz?
- Xüsusən önəmli məqamlarda özüm də böyük həyəcan keçirmişəm. “Neftçi” ilə penaltilər seriyasında “5-liy”ə görə əmin idim. Bu gün tərəddüd keçirirdim. Texnikalı futbolçularımız az idi. Futbolçuya penaltiyə görə qiymət vermək lazım deyil. 120 dəqiqə meydanda yaxşı mübarizə apardı. “Qarabağ”ın sol cinahı məşhurdur. Həm Zubir, həm Elvin hücuma yaxşı qoşulurdular. Volkov əla mövsüm keçirdi. Bu gün də sona qədər mübarizə apardı.

- Oyundan əvvəl Rəşad Sadıqovla Qurban Qurbanovun dost olduğunu, matçın rahat keçəcəyi deyilirdi. Amma oyunun sonuna qədər meydanda amansız mübarizə var idi...
- Mən futbolumuzda təcrübəli insanam. Danışanlar həmişə olub, olacaq. Biz ilk dəfə avrokubokda uğur qazananda danışılırdı ki, “Qarabağ” layihədir. Hər dəfə də bu söhbətlər gedirdi. Amma çempionatımızda o qədər şübhəli məqamlar olub ki... Heç vaxt o məsələlər müzakirə edilməyib. Biz dəfələrlə sübut etmişik ki, bu komandalar arasında heç bir danışıq ola bilməz. Keçən il öz aramızda heç-heçə etdik, “Neftçi” çempion, “Sumqayıt” 3-cü oldu. Bu il də heç-heçə oynadıq. Halbuki həmin oyunda biz qalib gəlsək, 3-cülük yolumuz daha rahat olardı. “Qarabağ” başqa bir dönəmdə “Zirə” səfərində 2:1 qələbə qazandı. Növbəti turda böyük rotasiyalarla “Neftçi”yə qarşı oynadıq və məğlub olduq. Həmin zaman da “Neftçi” 3-cü, “Zirə” 4-cü yeri tutdu. Bu söhbətləri etməkdə ya qəsd var, ya da cahillik. Nə etməliyik ki, özümüzü isbat edək? Biz həmişə sonuna qədər vuruşacağıq. Eynilə “Qarabağ”da bizə qarşı. Heç vaxt Allahın qədərinə qarışmamışıq. Bu, münasibətimizə təsir edə bilməz. Sona qədər təmiz oyun olacaq.

- Baş məşqçi kimi ilk dəfə avrokuboklarda çıxış edəcəksiz. Komandanıza həmin mühiti aşılaya biləcəksiz?
- Həmişə qınaqlar içində olmuşam və həmişə irəli baxmağı düşünmüşəm. Bu da onlardan biridir. Komandama güvənirəm. Hazırlıq prosesi, transferlər önəmlidir. Bəzi oyunçularla danışıq aparırıq. Püşkə baxdıqda “Qarabağ”ın Çempionlar Liqaısnda 2-3 il öncəki rəqiblərini gördüm. Bu, bizim üçün daha maraqlı ola bilər. Əsas məsələ hazırlıq olacaq. Rəqibin kimliyi də önəmlidir. Amma uğur qazanmağın sirri hazırlıqdır. Daha tez toplaşacağıq. Rəqibin kimliyindən asılı olmayaraq mərhələ keçməyə çalışacağıq.

- Baş məşqçi kimi bu mövsümdən hansı qeydləriniz oldu?
- Futbolçulara dediyim bir söz var. Pul və oyunçu keyfiyyəti hər şey deyil. Bu il bir daha bunu gördük. Futbolçularımızın əksəriyyəti əvvəlki klublarında ya stabil oynamamışdı, ya da uğur qazanmamışdı. Keçən mövsüm də özümüzü kubokun finalçısı və ya medalçı görürəm. Bu mövsüm də 2-ci yeri tuta bilərdik. Bəzi oyunlarda qeydə alınan nəticələr bizə mane oldu. İnanmaq, güvənmək, çalışmaq önəmlidir. Keyfiyyət də vacibdir. Futbolçular göstərdi ki, karyera o qədər də önəmli deyil. Vacib olan çalışmaq, inanmaq, bir ailə kimi hansısa yolu getməkdir. Daha çox inanmalı, keyfiyyətimizi artırmalıyıq.

- Hansı mövqeləri gücləndirməyi düşünürsüz?
- Konkret fikirləşməmişik. 3-5 iddialı, ambisiyalı futbolçu gətirmək istəyirik. Bunun nə dərəcədə alınacağını bilmirəm.

- Oyundan sonra “Qarabağ” azarkeşləri sizi dəstəkləyən şüarlar səsləndirdi...
- Karyeramda, həyatımda yerləri başqadır. Bu sevgini və sayqını mənə göstərmələri qürurvericidir. Hər birinə təşəkkür edirəm.

- Bu rəhbərliyə veriləcək sualdır, amma onlar danışmır, ona görə də sizdən soruşuram. Rəhbərlik işinizdən razıdır?
- Danışanda danışırlar. Amma daha çox işləməyə üstünlük verirlər. Məncə, ən vacib xüsusiyyətlərdən biridir. Həmişə yanımızdadılar, bizi dəstəkləyirlər. Məni əsas motivasiya edən rəhbərlik, futbolçular, azarkeşlərdir.

- Büdcə artımı nəzərdə tutulub?
- Büdcəmiz rəsdiqlənməyib. Hər bir büdcəyə görə sağ olsunlar. Futbola pul xərcləmək asan deyilə. Belə insanları qorukmalı, dəstgəkləməliyik ki, uzun müddət futbolumuzda olsunlar. FRəhbərliyə trəşəkkür edirəm.

- Avrokubok oyunlarını hansı stadionda keçirəcəksiz?
- İstirahət etməyi fikirləşirdim, amma avrokuboklardan o qədər sual oldu ki, bundan sonra ancaq Konfrans Liqasını düşünəcəm (gülür). “Dalğa Arena”da oynayacağıq. “Zirə” əvvəl də Avropa Liqasında oynayanda rəqiblərini orda qəbul edib. Öz meydanımızda oynamaq istərdik. Bu barədə rəhbərliyə də müraciət etmişəm. Dalğada ev ab-havası, ev üstünlüyü olmayacaq.

- Gedəcək oyunçular müəyyənləşib? Bir də Azərbaycan bazarında kimlərisə gözaltı etmisiz?
- Ən çətin məsələ Azərbaycan transfer bazarıdır. Bu da başadüşüləndir. Yerli futbolçularla bağlı qabarıq problem yaşayırıq. Maraqlandığımız futbolçular var. Amma çoxunun klubu ilə müqaviləsi var. Bizim yerli futbolçularımız da yaxşı oyunçulardır. Kimlərin gedəcəyini qarşıdakı günlərdə biləcəyik. Bütün fikrimizi kubokun finalına vermişdik. Demək olar ki, heç kimlə danışıq aparmırdıq.

Tarix: 27 May [23:21]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio