Estoniya klubunun azərbaycanlı prezidenti: "Bu söhbətlər bitməsə, biabırçı nəticələr davam edəcək"

15:16 - 1 Aprel 2023

"Estoniyadan İsveçə altı nəfər getmişdik. Tribunada millimizə dəstək olduq. Bizim tribunamızda azərbaycanlılar çox idi. Təbii ki, İsveçə millimizə inanaraq getmişdik. Amma təəssüflər olsun ki, nəticə istədiyimiz kimi olmadı. Yaxşı oyunçularımız var. Amma əsas heyətdə görmədiyim oyunçular da az deyil. Ramil Şeydayevin əsas heyətdə nəyə görə oynadığını anlamıram. Çox işləməlidir, aqressiv olmalıdır ki, əsas heyətdə oynasın. Ehtiyatdan meydana girməsi daha yaxşı olardı. Milli komandamıza yaxşı məşqçi gəlməlidir. Mən özüm də vaxtı ilə Azərbaycanda oynamışam. "Day-day" söhbəti olmasa, yaxşıdır. Onları yığışdırmaq lazımdır. Yoxsa, belə qabağaq getməyəcəyik, millimizin biabırçı nəticələri davam edəcək. İsveçə gülə-gülə getdik, əsəbi qayıtdıq, səsimiz də batmışdı. Nə qədər qışqırmaq olar? Oyundan dərhal sonra çıxıb Estoniyaya qayıtdıq. Bizim sektorda oturan özbəklər, qazaxlar da Azərbaycana azarkeşlik edirdi. Onlar da əsəbiləşmişdi, oyunçularımıza qışqırırdılar ki, oynayın, qaçın, niyə mübarizə aparmırsız? Məndə deyirdim ki, oynaya bilmirlər".

Bu sözləri Sportal.az saytına açıqlamasında Emin Münşiyev deyib. Uzun illərdir ki, Estoniyada yaşayan və "Aze Yunayted" adlı minifutbol komandasının prezidenti, həmçinin kapitanı olan həmyerlimiz AVRO-2024-ün seçmə mərhələsinin İsveçlə görüşündə millimizə dəstək olmaq üçün Solnaya yollanıb. Peşəkar futbolla da məşğul olmuş Münşiyev millimizin İsveçə 0:5 hesablı məğlubiyyətini şərh edərkən, Canni De Byazini tənqid edib:

"Bizə Musa Qurbanlı kimi güclü, mübariz oyunçu lazımdır. O, gənc olsa da, mübarizələrə girir, can yandırır. Onu meydana buraxmaq lazım idi. Ramil Şeydayevi sanki məcburiyyətdən gətirib oyuna çıxarıblar ki, oyna. Problem start heyəti və baş məşqçidəydi. Özü də təcrübəlidir. Mənə çatmır ki, Canni De Byazini idarə edənlər var? Yoxsa, o, öz fikri ilə hərəkət edir. Baş məşqçi postunda azərbaycanlı yer alsaydı, başa düşünmək mümkün idi ki, kimsə zəng edib hansısa futbolçunu tapşırıb. İtaliyadan gəlibsə, tapşırığa baxmamalıdır axı. De Byazi təcrübəli məşqçi kimi görmür ki, hansı futbolçununu oyunu alınmır, getmir? Ramil Şeydayevlə Renat Dadaşov ağır futbolçulardır, hücuma Musa kimi mübariz oyunçunu buraxmaq lazım idi. Doğrudur, yaxşı futbolçularımız, can yandıran oyunçularımız var. Məsələn, Emin Mahmudov, Riçard Almeyda, Aleksey İsayev, Bəhlul Mustafazadə çox yaxşı oynadı. Bəhlul avtoqolla yadda qalsa da, sona qədər mübarizə aparırdı. Avstriya və İsveçlə görüşlərdə Bəhlul oynamasaydı, daha betər olardı. Bəhlul kimi oyunçularımız var, axtarıb tapmaq, şans vermək lazımdır".

Münşiyev AVRO-2024-ün seçmə mərhələsinin Tallində keçiriləcək Estoniya  - Azərbaycan matçında millimizə dəstək olacaqlarını söyləyib: "Estoniyanı üstələmək olar. Amma bu heyət və oyunla 100 faiz alınmayacaq. Estoniyada futbolda inkişafdadır. Mən bura 11 il əvvəl gəlmişdim, həmin vaxtı hər şey başqa cür idi. Futbola sevgi o səviyyədə deyildi. Lakin son vaxtlarda sevgi yüksəkdir. İndi heç məşq etməyə stadion tapmırıq. Estoniyada futbolda inkişaf gedir. Millimiz Avstriya və İsveçə qarşı oynadığı kimi oynasa, estonlarla matçda da şansımız olmayacaq. Nəsə dəyişiklik etmək lazımdır ki, inkişaf olsun. Estoniya ilə Tallindəki oyunu gözləyirik. Özümüz burada çoxuq. Estoniya - Azərbaycan matçında millimizi dəstəkləyəcəyik. Yaxşı qarşılayıb, dəstək olacağıq. Nəticə lazımdır. Vaxta da var, oyun oktyabrda keçiriləcək. Ümidvaram ki, o vaxta qədər dəyişikliklər olacaq".

Mirbağırağa

Xəbər xətti