"Kəpəz" qış fasiləsindən sonra rəqiblər üçün təhlükəli komanda olub" - MÜSAHİBƏ

14:02 - 4 May 2023

"Kəpəz"in veteran futbolçularından olan Mətləb Məmmədov Sportal.az saytına müsahibə verib.

- "Kəpəz" Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Komanda pis oynamasa da, birinci diviziona düşmək təhlükəsi onlar üçün də davam edir. Səncə, liqada qalmaq işinin öhdəsində gələ biləcək?

- "Kəpəz" Premyer Liqada qalmaq üçün hər oyunda diqqətli olmalıdır. Bunu bütün futbolçuları da anlayır. Hər matç komanda üçün xal toplamaq baxımından çox vacibdir. Rəqiblərin də oyunlarından çox şey asılıdır. Hamımız inanırıq ki, “Kəpəz” Premyer Liqada qalacaq. 

- "Kəpəz" çempionatın ən yaxşı futbol oynayan komandalarından hesab edilir. Səncə, klubun maliyyə durumu daha yaxşı olsaydı, onları iddiaçılar sırasında görmək mümkün idi?
- “Kəpəz” qış fasiləsindən sonra rəqiblər üçün təhlükəli komanda olub. Komanda oyunu ilə də, bunu göstərir. Bəzi matçlarda üstün futbol nümayiş etdirirlər. Bu da baş məşqçinin komandada gördüyü işin nəticəsidir. Tələsmək lazım deyil. Klub Premyer Liqada təzədir. Maliyyə olsa belə, komandanın şəraiti yaxşılaşmalıdır. Yeni gələn oyunçuların komandaya uyğunlaşması önəmlidir. Geniş heyət olmalıdır ki, həm kubok, həm də çempionatda yük 11 nəfərin üzərinə düşməsin. 

- Yeni mövsüm üçün Tərlan Əhmədov “Kəpəz”də qalmalıdır? O, postunda qalarsa, daha yaxşı, avrokuboklar uğrunda mübarizə aparacaq “Kəpəz” görmək mümkündür?

- İnanıram ki, Gəncə klubu Tərlan müəllimlə yoluna davam edəcək. Çünki futbolda öz dəst-xətti, prinsipləri olan məşqçidir. Bunu məşqlərdə də görürük. Özü hər şeyə nəzarət edir, istədiyini də oyunçulardan almaq istəyir. Ona görə də, komanda bugünkü gündə xal toplaya bilir.

- "Kəpəz" evdən uzaq düşüb, onlar rəqiblərini Gəncədə deyil, Qəbələdə qəbul edir. Bu, komandanın çıxışına çox təsir edir?

- Bizim stadionumuz həm qəzalı durumdadır, həm də ot örtüyü yararsız hala düşüb. Bunun üçün Gəncə stadionu sökülməli və əvəzində müasir arena inşa edilməlidir. Stadion çox köhnəlib, sütunlar da həmçinin. Oturacaqlar yararsız haldadır. Bu mənada, yeni stadion tikilib istifadəyə verilməlidir. “Kəpəz” ev oyunlarında azarkeşsiz qala bilməz. Çünki komandanı sevən, işini-gücünü atıb oyunlara gəlir. Şəhərin havası belə, oyunçulara əlavə motivasiya verir. Ona görə də komanda Qəbələdə həm stadiona, həm də havaya tam uyğunlaşa bilmir. Çətin durumdur. Ancaq yəqin ki, bu vəziyyət də düzələcək.

- "Sumqayıt"la Qəbələdə keçirilmiş görüşdə hakimlər briqadası ofsayd olsa belə, qolu qeydə aldılar və “Kəpəz” məğlub oldu. Komandanın tez-tez hakimlikdən narazı qalmasını necə şərh edərdin?

- "Kəpəz"in bütün oyunlarına həm canlı, həm də telekanal vasitəsilə baxırıq. Hakimlərin qərarları çox danışılır. Bir komandanın oyununda çox qarışıq qərarlar verilir. Verilən penaltilər, göstərilən kartlar, bunların niyə və nəyə görə edildiyini tam demək olmur. Ofsayddan vurulan qollar sonradan VAR-ın köməyi ilə düzgün qərara çevrilir. Təkrara baxılır və orada yenə də, necə səhv qərar verilir, bunu hələ də başa düşmək olmur. Adətən təkrara baxdıqca bir qərar gəlirsən. Ancaq “Kəpəz”in oyunlarında bu hal çox baş verir. 

- Gəncə Azərbaycan futbolu üçün önəmli bölgə hesab edilir. Əvvəllər tez-tez buradan millimiz üçün də futbolçular çıxardı, komandanın da özəyini gəncəlilər təşkil edərdi. Son vaxtlarda isə bunun şahidi olmuruq. “Kəpəz”də gəncəli futbolçular da çox deyil…

- Futbolumuzda oyunçu qıtlığı var. Bunu hamı deyir və danışır. Gəncədə istedadlı oyunçular çox olur, əhalinin sayı da az deyil. Ona görə də, Gəncənin bir yox, bir neçə komandası olmalıdır. Çünki “Kəpəz”ə düşə bilməyən oyunçular ya 1-ci divizionda, ya da həvəskarlar liqasında oynayaraq özünü və oyununu yaxşılaşdırmalıdır. Hamı 18 yaşında “Kəpəz”də oynamalıdı deyə, qanun yoxdur axı. Bəlkə, həmin uşaq divizionda iki il oynayıb, artıracaq. Biz bir az tələsirik, istəyirik ki, tez oynasınlar. Kimsə deyə bilməz ki, mən “Kəpəz”də rahat oynayaram. Bir az vaxt və oyun praktikası lazım gəlir. “Kəpəz”ə uğurlar arzulayıram. Nə vaxt yerli uşaqlar üçün sərmayə qoyulacaq, onlara şərait yaradılacaq, o zaman da klubumuzun heyətində yerli gəncləri görəcəyik.

Mirbağırağa
 

Xəbər xətti