"Kəpəz" klubunda qalmaqal yaşandı, Xaliq Mərdanov ittihamlara cavab verdi

11:35 - 18 May 2023

"Kəpəz"in veteran futbolçusu, Gəncə təmsilçisinin azarkeşi Kamal Hüseynov Sportal.az saytına müraciət edərək açıqlama vermək istədiyini bildirdi.

Onun dediyinə görə, iki gün öncə komanda haqda müzakirə aparmaq üçün bir qrup azarkeş İdarə Heyətinin rəhbəri İlqar Nadiri və idman direktoru Mehman Allahverdiyevlə görüşüb. Keçmiş futbolçu bildirdi ki, onlar rəhbərliklə söhbət edərkən "Kəpəz"in əvəzedici komandasının baş məşqçisi Xaliq Mərdanov, əsas komandanın sabiq məşqçisi Füzuli Allahverdiyev və bir neçə şəxs otağa daxil olaraq onlara sərt etiraz ediblər.

Kamal bəyin fikirlərini diqqətinizə çatdırırıq:

"Mən Kamal Hüseynov veteran futbolçuyam. "Kür Samux", "Şəmkir", "Kəpəz" və Rusiya 2-ci liqasında "Spartak"da (Oryol) çıxış etmişəm. İki gün əvvəl bir qrup veteran azarkeş baş məşqçi Tərlan Əhmədovla əvvəlcədən razılaşdırararaq klub rəhbərliyi ilə görüş təşkil etdik. Görüş "Kəpəz"in İdarə Heyətinin rəhbəri İlqar Nadirinin ofisində baş tutdu. Saat 5-in yarısı görüşdük. Orada klubun idman direktoru Mehman Allahverdiyev də iştirak edirdi. Komandanın vəziyyətini, baş məşqçinin ətrafında gəzən söz-söhbətləri müzakirə edirdik. Bildirdik ki, Tərlan Əhmədovu "Kəpəz"də saxlamaq lazımdır. Tərlan bəy komandanı sıfır xalı olan zaman götürdü, verdiyi vədə də əməl edərək "Kəpəz"i Premyer Liqada saxladı. Bəzi veteran futbolçular istisna olmaqla əksər insanlar Tərlan Əhmədovun postunda qalmağını istəyir. 

Biz söhbət edərkən qapı açıldı. Mehman Allahverdiyevin qardaşı Füzuli Allahverdiyev, əvəzedici komandanın baş məşqçisi Xaliq Mərdanov, onun köməkçisi və aşağı yaş qruplarının məşqçiləri içəri daxil oldular. Onlar ofisə girəndən sonra böyük səs-küy başladı, az qala əlbəyaxa olmuşduq. Bizə "tərlançılar", "Tərlanı dəstəkləyirsiz", "Tərlan kimdir, biz ölmüşük ki, o burada baş məşqçi olsun?" dedilər. Hətta vəziyyət o yerə çatdı ki, Xaliq Mərdanov Tərlan Əhmədov haqda təhqiramiz ifadələr işlətdi. İlqar Nadiriyə dedim ki, siz necə rəhbərsiz ki, işçiləriniz ofisinizə girib, belə vəziyyət yaradır? Bu necə idarəçilikdir?

İçəridəki atmosferdən belə başa düşdüm ki, bunlar Tərlan Əhmədovun komandada qalmağını istəmirlər. "Kəpəz"də qruplaşmalar yaranıb. Əvəzedici heyətin, akademiyanın məşqçiləri Tərlan Əhmədovun getməyini istəyirlər. Biz klub rəhbərliyi ilə söhbət etməyə getmişdik, belə bir biabırçı vəziyyət yarandı. Bunun olacağını gözləmirdim. Xaliq Mərdanovla uşaq futbolundan "Kəpəz"in əsas komandasına kimi bir yerdə oynamışıq. Ofisdən çıxandan sonra məşq başlayırdı. Tərlan Əhmədovla görüşdüm, baş verənlər barədə ona məlumat verdim.

Mehman Allahverdiyevlə İlqar Nadiri onları sakitləşdirirdi. Rəhbərin otağına girib belə bir vəziyyət yaratmaq düzgün deyil. Orada birbaşa hörmətsizlik gördüm. Rəhbərə belə hörmətsizlik etmək olmaz. Bu, qabaqcadan hazırlanmış ssenari idi. Mən belə başa düşürəm ki, heç biri Tərlan Əhmədovun "Kəpəz"də qalmasını istəmir. Reaksiyalarından elə başa düşdüm.

Kim tərəfindən hazırlandığını deyə bilmərəm. Başlayanlar Füzuli Allahverdiyevlə Xaliq Mərdanov idi. "Kəpəz"də işləyənlərin çoxusu ilə futbol oynamışam. Görürəm ki, Tərlan Əhmədovu istəmirlər. Öz aralarında kimisə baş məşqçi gətirməyi fikirləşirlər. Bizim istəyimiz "Kəpəz"in daha da yaxşı olmasıdır. Başqa heç nə maraqlı deyil. Bu qalmaqalı yaradanlar istəyirlər ki, öz aralarında baş məşqçi seçsinlər. Konkret olaraq Xaliq Mərdanovla Füzuli Allahverdiyev. Mən elə başa düşdüm. İçəridə baş verənlərə görə bir şəxsiyyət olaraq utandım".

Sportal.az saytı olaraq Kamal Hüseynovun ittihamlarında adı çəkilən "Kəpəz"in əvəzedici komandasını çalışdıran Xaliq Mərdanovla əlaqə saxlayaraq onun da fikirlərini öyrəndik. 52 yaşlı mütəxəssis deyilənlərin həqiqətə uyğun olmadığını bildirdi:

"Çox sağ olun ki, bizim fikrimizi öyrənirsiz. Veteran Kamal Hüseynov? Mən belə bir veteran tanımıram. Bütün futbol ictimaiyyəti mənim qalmaqaldan uzaq və ədalətli insan olduğumu bilir. "Kəpəz" mənim evimdir. 45 ilimi futbola həsr etmişəm. Məşq prosesi bitəndə otağa gedirdim. Klub rəhbərinin otağından qışqırıq səsi gəlirdi. İçəri daxil olub nə baş verdiyini öyrənmək istədim. Girdikdə Kamal adlı biri veteranların adından İlqar Nadiriyə "Tərlan burada qalmalıdır"deyirdi. Mən və Füzuli müəllim Kamala dedik ki, sən kimsən veteranların adı ilə müraciət edirsən, veteran bizik, kimi dəstəkləyirsənsə, dəstəklə, amma veteran sözünü ağzına alma, yarım saat futbol oynamısan. Təbii ki, hamı bunları kimin öyrətdiyini bilir. Mənim Tərlana sözüm olsa, üzünə deyərəm, kiminsə arxasınca danışmıram. Bəli, Tərlan Əhmədov iki dəfə ədalətsizlik edib və dərhal cavabını vermişəm. Oldu, keçmişdə qaldı. Yolumuza davam edirik. Mənim özümü də buraya təyin ediblər. Bunun üçün yuxarı instansiya var.

Füzuli Allahverdiyevin necə böyük futbolçu olduğu haqda danışmağa ehtiyac yoxdur. Bilirsiz ki, mən də yüksək səviyyədə oynamışam. Allah şahiddir ki, nə mənim, nə də Füzulinin heç yerdə gözü yoxdur. Allahın bizə bəxş etdiyi ilə kifayətlənirik. 4 il işsiz qaldım, heç kimin qapısını döymədim. Kamal kimi futboldan kənar birinin fikrini bu qədər qapartmaq bizə də xoş deyil. Axı biz futbol üçün canımızı qoymuşuq. O isə indiyə kimi futboldan kənar olub. İndi isə məlum insan tərəfindən idarə olunur".

Elçin Əlixan

Xəbər xətti