"Kəpəz"in kapitanı: "Cavanlar mənə baxıb həsəd aparır"

17:57 - 28 May 2023

"Kəpəz"in kapitanı Tural Axundov Premyer Liqanın 36-cı turunun "Qəbələ" ilə matçından (1:1) sonra Sportal.az saytına açıqlama verib.

36 yaşlı müdafiəçi geridə qalan mövsümü dəyərləndirib. Təcrübəli futbolçu çempionatın onlar üçün gərgin keçdiyini bildirib:

"Çempionat bizim üçün gərgin keçdi. Baş dəyişikliyi oldu. Bunun da istər-istəməz təsiri olur. Tərlan Əhmədovun gəlişindən sonra başqa sistemdə oynamağa başladıq. Komanda çətin toparlandı. Şükürlər olsun ki, çempionatda qaldıq və sübut etdik ki, bu şəraitlə nələrsə etmək olar. Hamının əziyyəti var idi. Mənim oynayıb-oynamamağıma gəldikdə isə Tərlan Əhmədova böyük hörmətim var, onun qərarına hörmətlə yanaşıram".

"Kəpəz"lə müqaviləsi başa çatan Axundov gələcəyi haqda da danışıb. Azərbaycan milli komandasının sabiq üzvü karyerasını davam etdirmək istədiyini qeyd edib:

"Əlbəttə ki, karyeramı davam etdirməyi düşünürəm. "Kəpəz"də qalıb-qalmamağım yaxın vaxtlarda bilinəcək. Burada qalmasam da, karyeramı davam etdirəcəyəm. Cavanlar mənə baxıb həsəd aparırlar. Həqiqətən də gücüm var. "Kəpəz" rəhbərliyi nə qərar versə, hörmətlə yanaşacağam".

Elçin Əlixan

Xəbər xətti