Qoba Zakpa üzrxahlıq etdi: "Hörmətsizlik etmək üçün heç bir səbəb görmürəm, sadəcə emosiya idi"

15:09 - 30 May 2023

"Təbii ki, Azərbaycanda qalmaq istəyirəm. Çünki həm özüm, həm də ailəm Bakını çox sevir".

Bu sözləri Sportal.az saytına açıqlamasında Qoba Zakpa deyib. Mövsümü "Səbail"də keçirmiş portuqaliyalı futbolçunun komandada saxlanılıb-saxlanılmayacağı dəqiq deyil. Zakpa vurduğu qollarla deyil, daha çox Premyer Liqanın 35-ci turunun "Turan Tovuz"la (2:2) oyunun son dəqiqələrində vurduğu qoldan sonra etdiyi qeyri-etik hərəkəti ilə yadda qaldı.

Hadisənin üstündən bir müddət keçsə belə, Zakpa həmin epizodla bağlı fikirlərini bildirib: "Soruşursunuzsa, deyim. Mənim jestim "Turan Tovuz" azarkeşlərinə deyildi. Mən onlara necə jest edə bilərəm ki, oyundan öncə şəkillər çəkdirirdik. Bu komandanın azarkeşlərinə hörmətsizlik etmək üçün heç bir səbəb görmürəm. Sadəcə emosiya idi. “Şamaxı” ilə oyunda qələbə qazanmaq üçün yaxşı nəticəyə ehtiyacımız var idi, vəssalam. Mən həmin hərəkəti heç kimə qarşı etməmişdim. Amma istənilən halda, anlaşılmazlığa görə bütün Azərbaycan xalqından və Azərbaycan futbol ictimaiyyətindən üzr istəyirəm".

30 yaşlı futbolçu yeni mövsüm "Səbail"də qalıb-qalmayacağı ilə bağlı isə Şahin Diniyevin onunla danışmadığını deyib: “O, gələn mövsümlə bağlı hələ heç kimlə danışmayıb. Ona görə də, gözləmə mövqeyindəyəm. İstirahət günlərindən sonra hər şey dəqiqləşəcək".

Mirbağırağa

Xəbər xətti