Bu mövsüm Birinci Liqadan yeni sezon üçün Misli Premyer Liqasında oynamaq hüququ qazanan klublardan biri də “İmişli” oldu. Bölgə klubunun 2024/2025 mövsümündə aparıcı oyunçulardan biri də Pablo Enrike Alveş oldu. Braziliyalı futbolçu effektiv çıxışı ilə komandasının yüksək liqaya vəsiqə qazanmasında önəmli rol oynadı. Sportal.az saytına müsahibə verən 2000-ci il təvəllüdlü vinger Azərbaycan Premyer Liqasında oynamaq istədiyini deyib.
- “İmişli” vaxtından əvvəl Premyer Liqaya vəsiqəni təmin edib. Mövsüm sizin üçün necə keçdi? Məqsədinizə necə nail oldunuz?
- Yaxşı mövsüm idi, çox iş və fədakarlıqla bunu etdik. Mövsüm eniş-yoxuşlu keçdi. Mövsümün sonunda Premyer Liqaya 3 komandanın yüksələcəyini öyrəndik. Belədə, bizim böyük şanslarımızın olacağını bildik. 18 ildən sonra klubun yenidən Premyer Liqaya çıxmasına görə şadam. Məqsədimizə çatdıq. Bu, kollektivdə olan hər kəsin əməyidir, bir-birimizə güvəndik, asan olmadığını gördük, amma istəyimizi reallaşdırdıq.
- Ümumiyyətlə, Azərbaycan Birinci Liqası nə dərəcədə çətindir? Şərait və infrastruktur yaxşı vəziyyətdə deyil...
- Məncə, birinci liqanın səviyyəsi yaxşıdır. Şərait də yaxşıdır. Amma təbii ki, səviyyəni və şəraiti hər zaman daha da yaxşılaşdırmaq olar. Liqanın yüksəlişini davam etdirmək müsbətdir. Hər halda, birinci liqa da çox rəqabətli və yaxşıdır.
- “İmişli” Premyer Liqada çıxış etdiyi müddətdə səni komandada saxlayacaqlarını düşünürsən? Həqiqətən də Azərbaycan Premyer Liqasında oynamaq istəyirsən?
- Hələ bilmirəm. Çempionat hələ bitməyib. “İmişli”də qalıb-qalmayacağımla bağlı məsələni menecerim həll edir. O, mənə diqqəti yalnız oynamağa yönəltməyə kömək edir və mən də bunu edirəm. Bəli, “İmişli”nin heyətində Premyer Liqada oynamaq istəyirəm. Çünki əldə etməli olduğum çox hədəfim var. Diqqətimi cəmləyirəm və Premyer Liqanın başlamasını da səbirsizliklə gözləyirəm.
- “İmişli”nin stadionunun ot örtüyü yaxşı vəziyyətdə olmadığından, çatışmazlıqlar da olduğunu nəzərə alsaq, komanda ev oyunlarını Bakıda keçirə bilər. Bu, “İmişli” üçün nə dərəcədə mənfidir?
- Bəli, düşünürəm ki, klub rəhbərliyi artıq stadionun təmirini planlaşdırır. Stadion məsələsini həll edəcəklərinə inanıram ki, bu, bizim üçün mənfi məqam olmasın. İmişlidə azarkeş izdihamın gücünü bilirik və inanıram ki, harada oynamağımızdan asılı olmayaraq onlar daim dəstəyini bizə göstərəcəklər.
- Maraqlıdır, necə oldu ki, Azərbaycanda aşağı liqada oynamağa razılaşdın?
- Mənim üçün çətin idi. Çünki ilk dəfə Braziliyadan kənarda oynayacaqdım. Adaptasiya, saat fərqi, mətbəx, ətraf mühit, mədəniyyət və sair kimi məsələlərin öhdəsindən gəlməliydim. Bu mövsüm futbolumu göstərmək, şəxsi və klub məqsədlərinə çatmaq üçün bir fürsət kimi görürdüm. Çətin anlar idi. Lakin eyni zamanda çoxlu xoşbəxt anlar da yaşadım. Azərbaycanı bəyəndim və ümid edirəm ki, burada futbol daha da inkişaf edəcək.
- Vurduğun qollardan biri “ayın qolu” nominasiyasında qalib olmuşdu. Səncə, Premyer Liqa klublarının diqqətini çəkə bilmisən?
- Bəli, “ayın qolu” mükafatına sahib çıxdığım üçün çox sevindim. Mən yüksək liqada oynaya biləcəyimə inanıram. Xüsusən də aşağı liqada etdiklərimə görə. Əlbəttə ki, Azərbaycan Premyer Liqasında oynaya bilərəm. Braziliyada liqalar çox güclüdür, ona görə də özümü artıq hazır hesab edirəm. Daha yaxşı olmaq üçün daim çalışıram.
- Azərbaycanda çıxış edən digər braziliyalı futbolçularla tanışlığın var?
- Bəli, Azərbaycanda oynayan çox sayda braziliyalı dostum var. Açığı, hətta burada olan braziliyalıların sayı məni çox təəccübləndirmişdi.
Mirbağırağa