"Qəbələ"nin yarımmüdafiəçisi Ahmed Ayzaya Sportal.az saytına müsahibə verib. Bölgə klubunun futbolçusu komandasının Premyer Liqadakı çıxışını dəyərləndirib.
- "Qəbələ" Premyer Liqanın 6-cı turunda "Turan Tovuz"la 2:2 hesablı bərabərə qaldı. Matç sizin üçün necə keçdi? Bir xal sizi razı saldı?
- Çətin matç alındı. Meydanda əsl mübarizə getdi. Asan olmasa da, biz qələbə üçün oynayırdıq. Məncə, bizim üçün pis alınmadı. Tovuz səfərində bir xal da pis nəticə deyil.
- Səncə, qələbə qazanmağınıza nə mane oldu?
- Dediyim kimi, səfərin çətinliyini dərk edirdik. Həqiqətən də orada oynamaq asan deyil. Bu dəfə də belə oldu. Təbii ki, hesabı bərabərləşdirdikdən sonra da qələbə qolunu vurmaq üçün şansımız oldu.
- "Turan Tovuz" hesabda 2:0 önə keçməyi bacarmışdı. Necə oldu ki, hesabı bərabərləşdirdiniz və iki qol vurdunuz?
- Doğrudur, onlar iki qol vurmuşdu və qalib gəlirdilər. Amma biz son saniyəyə qədər oyuna fokuslanmışdıq və özümüzə çox inanırdıq. Elə bunun da sayəsində qollarımızı vurduq və bir xalı əldə etdik.
- "Qəbələ" ötən tur "Zirə"yə qalib gəlmişdi, bu dəfə "Turan Tovuz"la 2:2 oynadınız. Demək olar ki, "Qəbələ" özünə gəlir, hər şey artıq yaxşıya doğru gedir?
- Mövsümə yaxşı başlamamışdıq. Amma dediyiniz kimi, ötən turda “Zirə”yə qalib gəlmişdik, bu dəfə səfərdə bərabərə qaldıq. Məncə də, hər şey yaxşıya doğru gedir.
- "Qəbələ" növbəti turda "Qarabağ"la qarşılaşacaq. Necə düşünürsən, bu görüşdə "Qəbələ"nin qalib gəlmək şansı nə qədərdir?
- Təbii ki, biz bu oyuna yaxşı hazırlaşacağıq. “Qarabağ” güclü komandadır. Amma biz bu matçda qalib gələcəyimizə inanırıq. Çünki yaxşı komandamız var.
- "Qəbələ" bu mövsüm hansı məqsədlər üçün oynayır? Səncə, avrokuboklara vəsiqə qazana bilərsiniz?
- Əlbəttə ki, avrokuboklara vəsiqə qazanmağımız mümkündür. Buna çox inanırıq. Yaxşı komandamız var. Cəmi 6 tur geridə qalıb. Qarşıda hələ 30 tur qalıb. Hər şey mümkündür.
- Tez-tez deyirlər ki, bu mövsüm Azərbaycan Premyer Liqası daha gərgin keçir, daha maraqlıdır. Səncə, bu mövsüm Azərbaycan Premyer Liqası çox maraqlı və gərgin keçir?
- Bəli, mən bununla razıyam. Həqiqətən də, bu mövsüm Azərbaycan Premyer Liqası daha gərgin və daha yaxşı səviyyədədir. Bütün komandalar da güclənib və hər tur da istənilən nəticə qeydə alınır.
Mirbağırağa