“Qarabağ“ bizim bir gözümüzdürsə, o biri gözümüz “Difai“ olmalıdır“

19:38 - 14 Yanvar 2024

“Qarabağ“ bizim bir gözümüzdürsə, o biri gözümüz “Difai“ olmalıdır“.

Sportal.az xəbər verir ki, bu sözləri Sportinfo.az-a açıqlamasında “Difai”nin prezidenti Asəf Məlikov deyib.

Xəbər verdiyimiz kimi, o, “Qarabağ”ın direktoru Əmrah Çelikel, İdarə Heyətinin üzvü Asif Əsgərov və baş məşqçi Qurban Qurbanovla görüşüb.

Ağdam təmsilçisinin Suraxanıda yerləşən bazasında baş tutan görüş iki klub arasında əlaqələrin yaradılmasına və qarşılıqlı əməkdaşlığın əsasının qoyulmasına həsr olunub.

Toplantıda futbolçu mübadiləsi, yoldaşlıq oyununun düzənlənməsi haqda danışıb.

I Liqada mübarizə aparan “fədailər”in rəhbəri klubun fəaliyyəti və görülən digər işlər haqda məlumat verib, “Qarabağ”ın təcrübəsindən yayarlandıqlarını bildirib.

A.Məlikov “Qarabağ”ın rəsmilərini və Qurban Qurbanovu “Difai”nin oyunlarına dəvət edib.

Q.Qurbanov da öz növbəsində “Difai”nin kollektivi ilə ötən ilin aprelində keçirilən tədbiri xatırladıb. Deyib ki, I Liqanın gedişatıyla yaxından maraqlanır və “Difai”nin məqsədlərinə çatacağına inanır.

Tanınmış mütəxəssis “Qarabağ”ın Qarabağ qazilərinin təmsilçisi olan klubla əlaqələrinin inkişaf etdirilməsinin vacibliyinə diqqət çəkib və bildirib ki, bu əlaqələrin möhkəmlənməsi üçün əlindən gələni əsirgəməyəcək.

Görüşlə bağlı təəssüratlarını bölüşən A.Məlikov bildirib ki, iki klub arasında əlaqələrin gücləndirilməsi ictimai aspektdə mühüm əhəmiyyət daşıyır:

“Qarabağ“ Azərbaycanın ən qədim və tarixi bölgəsini təmsil edir. Bu klub 30 il ərzində işğal altında qalmış Qarabağın həqiqətlərini bütün dünyaya çatdırıb.

Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin başçılığı altında Qarabağı erməni işğalından qurtardıq. Rəşadətli ordumuz bu böyük missiyanı yerinə yetirdi.

İndi “Qarabağ“ın beynəlxalq arenada əhəmiyyəti daha da artıb. Avropa Liqasında pley-off mərhələsinə vəsiqə qazanan ilk klubumuzdur.

Onların keçdiyi yol və topladıqları təcrübə bizim üçün çox vacibdir. Görüşümüz hədsiz dərəcədə səmimi mühitdə keçdi.

Əmrah Çelikel, Asif Əsgərov və Qurban Qurbanovla xcyli söhbətləşdik, bizə hər cür köməklik təklif etdilər. Gəlib oyunlarımızı izləyəcəklər.

Yoldaşlıq görüşünün təşkilinə dair razılığa gəldik. Yaxın gələcəkdə “Qarabağ“dan futbolçu da götürə bilərik.

Bizə göstərdikləri ehtiram və diqqətə görə “Qarabağ“ın rəhbərliyinə və Qurban müəllimə öz saytınız vasitəsilə bir daha öz təşəkkürümü bildirirəm.

Mən şübhə etmirəm ki, “Difai“ vaxtilə hərb meydanında qazandığı uğurları bundan sonra futbol meydanında da əldə edəcək.

Bu yoldan geri çəkilmək fikrimiz yoxdur. Klub olaraq inkişaf etməyə çalışırıq.

“Difai“yə köməklik göstərən bütün dövlət qurumlarına və şəxslərə minnətdarıq“.

Xəbər xətti