"Boluspor"un azərbaycanlısı: "Adaptasiya ilə bağlı problemim yoxdur"

12:34 - 21 Yanvar 2024

"Boluspor"a uyğunlaşmışam, adaptasiya ilə bağlı hansısa problemim yoxdur. Baş məşqçinin və ümumiyyətlə, komandanın nə istədiyini bilirəm. Vacib olan da budur. Komanda yoldaşlarım məni yaxşı qarşıladı, hamsı ilə münasibətim yaxşıdır".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Boluspor"un futbolçusu Vüsal İsgəndərli deyib. Onun fikrincə, karyerasını Türkiyədə davam etdirən azərbaycanlı futbolçuların sayının artması Azərbaycan milli komandasına da xeyir verəcək:

"Buradakı azərbaycanlı futbolçular olaraq bir-birimizlə münasibətimiz çox yaxşıdır. Tez-tez danışıb, hal-əhval tuturuq. Düzü, daha çox Coşqun Diniyevlə danışıram. Bəxtiyar Həsənalızadə ilə də həmçinin. Ölkə xaricində futbolçularımızın sayının artması Azərbaycan millisinə də xeyir verəcək. Mən buna çox inanıram. Allah qoysa, bizim də ölkə xaricində oynamağımız millimizə yaxşı təsir edəcək".

Qeyd edək ki, Vüsal İsgəndərli "Boluspor"la 1,5 illik müqavilə imzalayıb.

Mirbağırağa
 

Xəbər xətti