Başlıq sizi aldatmasın. Ulduz futbolçu deyəndə, söhbət parlamaqda olan oyunçudan yox, qürub çağını yaşayan futbolçudan gedir. Amma belə tanınmışların gəlişi belə, Premyer Liqamıza rəng qatır, maraq artırır.
Abubakarın "Neftçi"yə transfer olunması hadisəyə çevrilib. Kamerunlu oyunçu tam hazır olmasa da, dərhal səviyyəsini ortaya qoya bildi. Ötən gün yayılan xəbərlərə görə, əvvəllər onunla komanda yoldaşı olmuş Cenk Tosun da "Neftçi"yə gəlməyə hazırdır. Təbii ki, şərtlərdə razılığa gələ bilsələr.
"Qarabağ" bu mənada fərqli davranmağa üstünlük verir. "Borussiya" Dortmund israrla Koxalskini heyətinə qatmaq istəyir. Hətta polşalı qapıçını Əmrə Canla dəyişdirməyi də təklif ediblər "Qarabağ"a. Amma Qurban Qurbanov bu varianta isti baxmayıb. Təcrübəli mütəxəssis həm Əmrənin yaşlı olmasını, həm də məvacibinin onlara görə yüksək olduğunu nəzərə alaraq, bu keçidin əleyhinə çıxıb. Əslində, heç Əmrənin özü də "Qarabağ"a gəlməkdə maraqlı deyil.
"Qarabağ"ın ulduz futbolçulara maraq göstərməməsinin əsas səbəbkarı Qurban Qurbanovdur. Çünki onun sistemi fərqli çalışır. O, adların yox, öz oyun sisteminə uyğun gələn futbolçuların axtarışındadır. Qurban bəy ona ayrılan büdcədən maksimum effektiv yararlanmağa çalışır. Kadi, Juninyo, Yankoviç, Medina və digər tanınmamış oyunçuları kəşf etməklə onları sistemin əhəmiyyətli parçasına çevirir.
Maraqlıdır ki, "Qarabağ"dan gedənlərin əksəriyyəti başqa komandalarda özlərini tapa bilmirlər. Bu, bir daha " Qurban Qurbanov sistemi"nin əzəmətini, işləkliyini göstərir. Təcrübəli mütəxəssis bununla həm davranış, həm maaş, həm də ümumi balansı çox yaxşı şəkildə qoruyur, ilbəil inkişaf etdirir "Qarabağ"ı.
Həmid
saytlarin hazirlanmasi 
      
                    