Premyer Liqa oyunları Şimali Koreyada yayımlanacaq - ciddi qaydalara riayət olunmaqla

21:27 - 13 Noyabr 2025

KXDR lideri Kim Çen In İngiltərə Premyer Liqası matçlarının Şimali Koreyada yayımlanmasına razılıq verib.

Sportal.az xəbər verir ki, bu, yalnız ciddi qaydalara riayət olunması şərti ilə baş tutacaq. Bu barədə "The Guardian" məlumat yayıb.

Mənbənin məlumatına görə, şimali koreyalı tamaşaçılar oyunların yalnız qısaldılmış versiyalarına baxa biləcəklər. Belə ki, matçların standart 90 dəqiqə əvəzinə maksimum 60 dəqiqəlik variantı nümayiş etdiriləcək. Bundan əlavə, oyunlar canlı yayımlanmayacaq. Bütün qarşılaşmalar əvvəlcədən redaktə ediləcək.

Rejimin tələblərinə əsasən, efirdən cənubi koreyalı futbolçuların ("Brentford"dan Kim Ci Su və "Vulverhempton"dan Hvan Hi Çanın) iştirak etdiyi bütün epizodlar tamamilə çıxarılacaq.

Montaj prosesi zamanı stadionlardakı ingilisdilli yazılar şimali koreya qrafikası ilə əvəz olunacaq. LGBTQ+ simvolikasının yer aldığı səhnələr isə kəsiləcək.

Beləliklə, Şimali Koreyada yayımlanacaq Premyer Liqa matçları ölkənin daxili ideologiyasına maksimum uyğunlaşdırılmış, xeyli dərəcədə “redaktə edilmiş” formada təqdim ediləcək.

Xəbər xətti