"Qurban Qurbanov çox sərt məşqçidir" - Mateuş Koxalski

23:56 - 2 Yanvar 2026

"Qarabağ"ın qolkiperi Mateuş Koxalski "Region Plus"a müsahibə verib.

Sportal.az həmin müsahibəni sizə təqdim edir:

– 2025-ci il bitir. Bu ili karyeranız baxımından necə qiymətləndirirsiniz?

– Düşünürəm ki, il uğurlu keçdi, amma 100% özümə tam razı deyiləm. Daha yaxşı oynaya biləcəyim bir çox anlar oldu. Eyni zamanda, həqiqətən qürur duyduğum epizodlar da var.

– Azərbaycandan gözləntiləriniz doğruldumu?

– Qismən bəli. Azərbaycan çox maraqlı ölkədir. Paytaxtın təhlükəsizliyi və təmizliyi məni xoş təəccübləndirdi.

– Hər futbolçu Çempionlar Liqasında oynamağı arzulayır. Bu arzunuzu həyata keçirdikdən sonra indi nəyi hədəfləyirsiniz?

– Məqsədim hər gün daha yaxşı olmaq, Avropanın top-klublarında oynamaq və Polşa millisində debüt etməkdir.

– “Qarabağ”a uyğunlaşmaq sizə ən asan kimlə oldu?

– Ən çox Aleksey Kaşukla yaxınam. Biz dərhal yaxşı münasibət qurduq və onunla daha çox vaxt keçirirəm. Amma ümumilikdə bütün komanda yoldaşlarım ilə münasibətlərim əladır.

– Bakı həm böyük, həm də kiçik şəhərdir. Tanınmaq sizə kömək edirdi?

– Çempionlar Liqası oyunlarından sonra şəhərdə sadəcə gəzmək belə çətin idi, azarkeşlərlə şəkil çəkdirmədən keçmək mümkün deyildi, bu isə çox xoşdur. Bir dəfə valideynlərim şəhərin mərkəzindəki mağazada pulsuz hədiyyələr aldılar. Həqiqətən təəccübləndim, əşyalar heç də ucuz deyildi.

– Azərbaycan mətbəxi ləzzətli və rəngarəng hesab olunur. Hansı yeməkləri xüsusilə qeyd edərdiniz?

– Deyə bilmək çətindir, yeməyə bir qədər seçiciyəm. Amma klubun hazırladığı şorbaları çox sevirəm. Və əlbəttə, paxlavanı. Ən sevdiyim desertdir, ona qarşı durmaq bəzən çətindir.

– Azərbaycanda sizi ən çox nə təəccübləndirdi?

– İnsanların mehribanlığı və kömək etməyə hazır olmaları. Mənfi cəhət olaraq isə yol hərəkətini qeyd edə bilərəm. Bəzən elə gəlir ki, qaydasız yarışda iştirak edirsən.

– Azərbaycan Premyer Liqasının səviyyəsini necə qiymətləndirirsiniz? Ən çətin rəqiblər kimlərdir?

– Ən çətin rəqiblər “Zirə” və “Sabah”dır. Onlarda keyfiyyətli futbolçular və yüksək fədakarlıq səviyyəsi var. Ümumilikdə, liqanın hər mövsüm inkişaf etdiyini görmək olur və hər oyuna maksimum motivasiya ilə yanaşmaq lazımdır.

– Çempionlar Liqasında hansı oyunda özünüzdən razı qaldınız, hansı oyunda isə yox?

– Ən çox Ferentsvaroşla seçmə mərhələdəki cavab oyunundan razı qaldım. Məğlubiyyətə baxmayaraq, komandaya növbəti mərhələyə keçməyə kömək etdiyim üçün şadam. Ən azı isə keçən mövsüm Avroliqada “Tottenhem”ə qarşı oyunda razı qalmadım. Səbəbləri izah etməyə ehtiyac yoxdur.

– Çoxları deyir ki, “Qarabağ”ın baş məşqçisi çox ciddi biridir. Bu doğrudurmu?

– Bəli, Qurban Qurbanov çox sərt və tələbkar məşqçidir. Amma məhz buna görə “Qarabağ” yüksək səviyyədə çıxış edir.

– Klubun təmsil etdiyi Ağdam şəhəri haqqında nələr bilirsiniz?

– Komanda ilə birlikdə bu şəhəri ziyarət etdik, amma təəssüf ki, tarixi ilə dərindən tanış deyiləm. Müharibə və ölkə uğrunda canlarını fəda edən insanları eşitmişəm. Bu həm çox gözəl, həm də çox kədərli tarixdir.

– Çempionlar Liqası oyunlarından sonra xarici klubların marağı artıq adiləşib. Hər hansı bir liqada oynamağı arzulayırsınız?

– Ən böyük arzum İngiltərə Premyer Liqasıdır. Amma anlayıram ki, futbol kompüter oyunu deyil və hər şey bizim əlimizdə deyil. Avropanın top-5 liqalarından birində çıxış edə bilsəm, xoşbəxt olaram.

– Qapıçılar arasında idolunuz varmı?

– Bəli, uşaqlıqdan polşalı qapıçı Artur Boruts mənim idolum olub.

– Sosial şəbəkələr həyatınızda hansı rol oynayır?

– Minimal. Sosial şəbəkələrdə çox aktiv deyiləm, çünki buna ehtiyac görmürəm. Mənim üçün daha vacib olan yaxın insanlar, yaxşı və çətin anlarda yanımda olanlardır.

– Nəhayət, 2026-cı ildə özünüz və yaxınlarınız üçün nə arzulayırsınız?

– İdman baxımından Polşa millisində debüt etmək. Amma ən əsası hər kəsin sağlam və xoşbəxt olmasıdır. Bu olmazsa, hədəflərə çatmaq və arzu etmək çox çətin olar.

Xəbər xətti