Rahid Əmirquliyev: "İstəyirik ki, "Şahdağ Qusar" çempionluğa oynasın, Premyer Liqaya qayıtsın" - MÜSAHİBƏ

16:10 - 28 Fevral 2026

I Liqada mübarizə apaaran "Şahdağ Qusar"ın prezidenti və kapitanı Rahid Əmirquliyev Sportal.az saytına müsahibə verib:

- "Şahdağ Qusar" fasilədən sonra keçirdiyi 4 oyunun hamısında qələbə qazanıb. Komandanın 2026-cı ildəki performansını necə dəyərləndirirsiz?

- Fasilədən sonra çox yaxşı başlamışıq. Bu, sevindirici haldır. Xal ehtiyatımızı artırmışıq. Komanda yaxşı performans göstərir. Bundan artığını istəyə bilməzdik. Hər oyuna 3 xal qazanmaq üçün çıxırıq. Ardıcıl 4 oyunda qalib gəlmək komandanın motivasiyasını artırır. Bu seriyanı davam etdirməyə çalışacağıq.

- Mövsümün ilk yarısı o qədər də uğurlu olmamışdı. Nə çatmırdı ki, istədiyiniz nəticələri qazanasız?

- Mövsümün ilk yarısında hər şey istədiyimiz kimi olmadı. Komandanın problemləri çox idi, vəziyyət o qədər də yaxşı deyildi. Maliyyə cəhətdən problemlər yaşanırdı. Problemlər komandanın sırf oyunları fikirləşməsinə imkan vermədi. Matçlara köklənmək çətin idi. Şükürlər olsun ki, o günlər geridə qaldı. Problemlər olduğu üçün nəticələr də pis idi. Komanda mövsümün əvvəlində yaxşı hazırlıq keçsəydi, nəticələr fərqli olardı.

- Komanda ev oyunlarını Qusarda keçirsəydi, səncə, nəticələrdə fərq çox olardı?

- Əlbəttə Qusarda oynasaydıq, daha yaxşı olardı. Düzdür, azarkeşlərimiz bizi həmişə dəstəkləyirlər. Qusarda olmasaq da, hər yerdə yanımızda olurlar. Öz evimizdə oynasaq, tribunada azarkeşlərin sayı çox olar. Bir çox insan var ki, oyunlara gəlmək istəyir, amma məsafə uzaq olduğu üçün gələ bilmir. Qusarda atmosfer tam başa olacaq.

- Yaxın gələcəkdə "Şahdağ Qusar"ın Qusarda oynamaq ehtimalı nə dərəcədə realdır?

- Bunu dəqiq deyə bilmərəm. Söz veriblər ki, bu il stadion hazır olacaq. Biz də ümid edirik ki, arena hazır olandan sonra gələn mövsüm ev oyunlarımızı Qusarda keçirəcəyik. Evdə oynamamağımız sırf stadionla bağlıdır. Stadion nə vaxt hazır olsa, komanda ev oyunlarını orada keçirəcək. İnanıram ki, növbəti mövsümə orada başlayacağıq.

- Qarşıda 11 tur var və liderdən 12 xal geridəsiz. Mövsümün qalan hissəsi üçün hədəfləriniz nədir?

- Hələ qarşıda çox oyun var, 11 tur az deyil. Hər oyunda hədəfimiz 3 xaldır. Əvvəl klubda problem çox idi, xal itkilərimiz oldu. Bacardığımız qədər yuxarı pillələrə qalxmaq istəyirik. Liderlə xal fərqimiz az deyil. Ona görə də çempionluqdan danışmaq çətindir. Çalışacağıq ki, hər oyunda maksimum nəticə qazanıb azarkeşlərimizi sevindirək.

- Növbəti turda "Şəfa" ilə qarşılaşacaqsız. Ötən mövsüm onlarla prinsipial oyunlarınız və amansız çempionluq mübarizəniz oldu. Eyni intriqanı ayın 5-i keçiriləcək oyunda görə bilərik?

- Bəli, ötən mövsüm onlarla çempionluq mübarizəsi var idi. Demək olar ki, intriqa son turlara kimi davam etdi. "Şəfa" ilə çox maraqlı oyunlar keçdi. Futbolu gözəlləşdirən belə gərgin matçlardır. Ancaq "Şəfa" ilə bizim heç bir prinsipimiz yoxdur. Hədəfimiz meydana çıxıb 3 xal qazanmaqdır. İndiki vəziyyətdə bizim üçün kiminlə oynamağın fərqi yoxdur. Bizim öz hədəflərimiz var. "Şəfa" ilə matçda hədəfimiz qələbə qazanmaqdır. Düzdür, çox çətin olacaq, rəqib güclüdür. Amma əlimizdən gələni edəcəyik ki, 3 xal qazanan tərəf biz olaq.

- "Şahdağ Qusar"ın gələcək üçün uzunmüddətli planları nədir?

- Komanda təzə-təzə özünə gəlib. Bu mövsüm üçün hədəfimiz bacardığımız qədər yuxarı pillələrdə bitirməkdir. Gələcəklə bağlı planları mövsümün sonlarında rəhbərliklə müzakirə edəcəyik. İstəyirik ki, "Şahdağ Qusar" gələn mövsüm çempionluğa oynasın, Premyer Liqaya qayıtsın. Amma indidən nəsə demək tezdir.

- Həm klub prezidentisiz, həm də futbolçu. Iki işi eyni anda görmək çətin deyil?

- Heç vaxt ağlıma gətirməzdim ki, nə vaxtsa "Şahdağ Qusar"ın prezidenti olacam. Bu, təsadüf nəticəsində oldu. Komandada vəziyyət pis idi. Bizə Futbolun İnkişaf Fondu çox dəstək oldu. Həmin vaxt prezident təyin olundum. Fikrimdə belə şey yox idi. Özümü heç vaxt klub prezidenti kimi hiss etməmişəm. Oynayıram, özümü futbolçu kimi hiss edirəm. Mövsümün ikinci yarısında kluba yeni rəhbərlik gəlib. Onların sayəsində işlərimiz xeyli düzəlib. Klub prezidenti olmağımla futbolçu olmağım heç vaxt bir-birinə problem yaratmayıb.

Elçin Əlixan

Xəbər xətti