"Qarabağ"ın sabiq kapitanı Azər Məmmədov Sportal.az saytına müsahibə verib.
- "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə də "Nyukasl"la uduzdu. İngiltərədəki matçda "Qarabağ" ilk oyunla müqayisədə daha yaxşı görünürdü?
- "Qarabağ" həm səfər, həm də ev oyununu bildiyi, bacardığı, ürəkli, çəkinmədən və alqışalayiq futbol oynadı. Ən əsası da, onlar öz fəlsəfəsindən əl çəkmədi. Sadəcə hesab fərqli oldu. Unutmayaq ki, "Qarabağ" İngiltərə klubuna qarşı oynayırdı. Bu da önəmli məsələdir.
- Ən azından İngiltərədə bərabərlik üçün "Qarabağ"ın şans var idi, yoxsa keyfiyyət çatmadı?
- "Qarabağ"ın futbolçuları bacardığından artığını etdi. Amma etiraf etməliyik ki, səviyyə və keyfiyyət sarıdan onlar üstün idilər. Bu da nəticəyə öz təsirini göstərdi.
- "Qarabağ"ın ümumillikdə "Nyukasl" səddini keçməsinə mane olan məsələ də keyfiyyətdir?
- İngiltərə və Azərbaycan futbolu arasında olan fərq, məsafə...
- Bəs Azərbaycan çempionunun Çempionlar Liqasında buralara qədər gələcəyini ehtimal edirdiniz?
- Xeyr, ehtimal etmirdim. Amma "Qarabağ" Azərbaycan futbolu üçün təkrar olunmaz tarix yazdı. Həqiqətən də böyük iş gördülər. Bunu demək lazımdır.
- Həftəsonu "Qarabağ"ı çempionluq mübarizəsində "Sabah"a qarşı oyun gözləyir. Bu maçda "Qarabağ"ın uğurlu nəticə qazanacağına inanırsınız?
- "Sabah" həqiqətən çempionatda baxımlı oyun nümayiş etdirir və ilk sıralarda qərarlaşmağa da layiqdir. Amma düşünürəm ki, indidən sonra nəinki "Sabah", bütün klublara "Qarabağ"la oynamaq çətin olacaq. Çünki indiyə qədər hər iki turnirdə çıxış etmək asan deyildi. Artıq "Qarabağ" ÇL-dəki çıxışını başa vurdu və sırf çempionata, kuboka fokuslanacaqlar. Əvvəlki mövsümlərdə də görmüşük ki, "Qarabağ" Avropadakı oyunlarını başa vurduqdan sonra çempionatda tam fərqli çıxış etməyə başlayır. "Qarabağ" Avropada bizim futbolu, Azərbaycanı dünyaya layiqincə təmsil etdiyi üçün ən xoş sözlərə layiqdir.
Mirbağırağa
saytlarin hazirlanmasi
