"Qol epizodlarımız olsa da, onları dəyərləndirə bilmirik, azarkeşlərimiz də haqlıdır"

13:22 - 25 Fevral 2026

"Karvan-Yevlax"ın müdafiəçisi, U-21 yığmamızın kapitanı Emin Rüstəmov Sportal.az saytına açıqlama verib.

O, komandasının Misli Premyer Liqasının 21-ci turunda "Araz-Naxçıvan"a məğlubiyyətini şərh edib və fanatların iradlarını normal qəbul etdiyini bildirib.

Bununla yanaşı, Rüstəmov "Karvan-Yevlax"ın Premyer Liqada qalmaq şanslarından bəhs edib:

"Azarkeşlərimiz haqlıdır. Təəssüf ki, biz oyun uda bilmirik. Amma çox yaxşı hazırlaşırıq, qələbə qazanmaq istəyirik. Azarkeşlərimizin yerində mən də olsam, bu cür tənqid edərdim. Onları yaxşı başa düşürəm. Neçə vaxtdır ki, qələbə qazana bilmirik. Vallah çox çalışırıq ki, qalib gələk, sona qədər də oynayırıq. Amma çox təəssüf ki, alınmır.

Premyer Liqada qalmaq məsələsinə gəlincə, buna çox inanıram. Bunun üçün çox çalışırıq. Evdə 6 oyunumuz qalıb. Maksimum çalışırıq ki, sona qədər oynayaq və nəticə qazanaq. Maksimumu etməyi çox istəyirik. Amma qol da vura bilmirik. Halbuki qol epizodlarımız da olur, heyf ki, alınmır onları dəyərləndirmək. Hər halda, sona kimi mübarizəmizi aparacağıq, necə olacağını zaman göstərəcək".

Xəbər xətti