"Cenoa"nın sabiq futbolçusu Manolo Portanovanın apellyasiyası həbs qərarı ilə bağlı rədd edilib.
Sportal.az xəbər verir ki, hazırda İtaliya aşağı liqa təmsilçisi "Reccina"ya məxsus olan 25 yaşlı Portanova 2021-ci ilin mayında Siena şəhərində keçirilən ev məclisində 21 yaşlı tələbənin qrup halında zorlanması ilə bağlı ittiham olunurdu. İşdə futbolçunun əmisi və iki dostu da digər təqsirləndirilənlər sırasındadır. 2022-ci ilin dekabrında Portanova 6 il həbs cəzası almışdı, lakin bu qərardan şikayət vermişdi.
Bu gün Florensiya Apellyasiya Məhkəməsi futbolçunun şikayətini rədd edib və birinci instansiyanın hökmünü qüvvədə saxlayıb.
Portanova qərarı belə şərh edib:
“Mənə görə bu gün həqiqət deyilmədi. Mən yaxşı insanam və təkcə futbolçu deyiləm, ilk növbədə insanam. Həyatımda heç kimə pis davranmamışam. Mən özümü günahkar saymıram və bunu sübut etmək üçün sona qədər mübarizə aparacağam.”
