“Kəpəz”i daha yaxşı səviyyəyə qaldıra bilərik” - Azər Məmmədov

18:30 - 6 İyul 2026

“Kəpəz”in baş məşqçisi Azər Məmmədov futbolinfo.az saytına müsahibə verib.

Sportal.az həmin müsahibəni diqqətinizə çatdırır:

- “Kəpəz”dən sizə təklif konkret olaraq nə vaxt gəldi? “Hə” cavabı verərkən hər hansı bir tərəddüdünüz var idimi? Rəhbərlik qarşısında hansısa şərtlər irəli sürdünüzmü?

- “Kəpəz”dən təklif iyun ayının sonlarında gəldi. Söhbət mənə doğma “Kəpəz”dən gedirdisə, hər hansı tərəddüdüm ola bilməzdi. Bəzi istəklərim var idi, rəhbərliklə danışdıq, fikirlərimiz üst-üstə düşdü.

- “Kəpəz”i ilk çalışdırdığınız dönəmdə fəaliyyətiniz çox qısa çəkmişdi. Budəfəki fəaliyyətinizin uğurlu olacağına inanırsınız?

- Qarşıda bizi yeni mövsüm gözləyir və komandanı öz düşüncələrimizə uyğun formalaşdırmağa çalışacağıq. Əvvəlki dönəmdə müəyyən səbəblərdən uzunmüddətli işləmək qismət olmamışdı. Ancaq inanıram ki, rəhbərliyin, futbolçuların və azarkeşlərin dəstəyi ilə bu dəfə “Kəpəz”i daha yaxşı səviyyəyə qaldıra bilərik.

- “Kəpəz”dən ayrılan futbolçular oldu. Yay fasiləsində başqa ayrılanlar da olacaqmı? Və neçə yeni transfer etməyi planlaşdırırsınız?

- Heyətin formalaşdırılması prosesi davam edir. Ayrılan futbolçular olacaq, eyni zamanda komandaya yeni oyunçular da cəlb ediləcək. Hazırda konkret rəqəm söyləmək düzgün olmaz. Çünki danışıq apardığımız futbolçular var. Məqsədimiz say xətrinə transfer etmək deyil. Bizə keyfiyyətli və komandaya fayda verəcək futbolçular lazımdır. Hər mövqeyə uyğun seçimlər üzərində işləyirik.

- “Kəpəz” son illərdə bir qayda olaraq Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Qarşıdakı mövsümdə daha artığını etmək mümkün olacaqmı, yoxsa hədəf yenə liqada qalmaqdır?

- “Kəpəz” kimi böyük tarixi olan klub yalnız aşağı pillələr barədə düşünməməlidir. Amma eyni zamanda reallığı da nəzərə almaq lazımdır. İlk növbədə, rəqabətədavamlı komanda formalaşdırmaq istəyirik. Mövsüm başlayandan sonra isə addım-addım irəliləyəcəyik. Mən futbolçularıma həmişə deyirəm ki, hər oyuna qələbə üçün çıxmaq lazımdır. Əgər bunu bacarsaq, turnir cədvəlində də daha yaxşı yerlər uğrunda mübarizə aparmaq mümkün olacaq.

- “Kəpəz” son illərdə Gəncədən uzaq düşüb, ev oyunlarını digər rayonlarda keçirir. Yeni mövsümün əvvəlindən rəqibləri Gəncədə qəbul edə biləcəksiniz?

- Təbii ki, hər birimiz “Kəpəz”in doğma azarkeşləri qarşısında, Gəncə şəhər stadionunda çıxış etməsini istəyirik. Bu, komanda və azarkeşlər üçün çox vacib məsələdir. Gəncə azarkeşinin dəstəyini hiss etmək komandaya əlavə güc verəcək.

Xəbər xətti