Uelsin TNS klubunun baş məşqçisi Kreyq Harrison Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda "Sabah"a Osvestridə 1:2 hesabı ilə uduzmalarını (ilk oyun – 0:2) şərh edib.
Sportal.az xəbər verir ki, o, komandasının məğlubiyyəti haqda bu cür danışıb:
"Oyuna yaxşı başladıq. İlk 15–20 dəqiqədə üstünlük bizdə idi. Təəssüf ki, rəqibin vurduğu ilk qol bütün planlarımızı pozdu və həlledici oldu. Komandada ruh düşkünlüyü yarandı. İlk qol tamamilə qarşısı alına biləcək epizoddan vuruldu. Bu qol oyunun gedişindən doğan nəticə deyildi. Üstün oynadığımız halda, ilk hissədə həmin qolu buraxdıq. Əgər o qol olmasaydı, ikinci hissədə vəziyyəti öz xeyrimizə dəyişə bilərdik. “Sabah” yaxşı komandadır. Onlar yüksək sürətlə oynamağı bacarırlar. Xüsusilə cinahlardan qurduqları hücumların qarşısını almaqda çətinlik çəkirdik".
