“Milan” və “İnter” üçün tikiləcək yeni stadionun inşası başa çatdıqdan sonra iqtisadi dəyərinin təxminən 2,149 milyard avro olacağı gözlənilir. Arenanın açılışı ilkin olaraq 2032-ci ilə planlaşdırılıb.
Sportal.az xəbər verir ki, məlumatlar hər iki klubun Milan bələdiyyəsinə təqdim etdiyi “İqtisadi məqsədəuyğunluğun təhlili” sənədində yer alıb. "Corriere della Sera"nın yaydığı məlumata görə, yeni stadion genişmiqyaslı layihənin əsas hissəsi olacaq.
Layihə yalnız stadionun tikintisini deyil, onun ətrafında ofislər, otellər, mağazalar və müxtəlif xidmət obyektlərindən ibarət müasir çoxfunksiyalı zonanın yaradılmasını da nəzərdə tutur.
Yeni tikililərin ümumi sahəsi təxminən 162 min kvadratmetr olacaq. Bunun 64 min m²-i (39%) birbaşa stadionun payına düşəcək. Daha 98 min m² isə ofis, hotel və kommersiya obyektləri üçün istifadə olunacaq.
Layihənin ümumi dəyəri təxminən 2,3 milyard avro qiymətləndirilir.
Layihə hazırkı plana uyğun həyata keçirilərsə, yeni arena sadəcə “San Siro”nun əvəzi olmayacaq, həm də Milanın böyük və müasir şəhər zonalarından birinin mərkəzinə çevriləcək. “Milan” və “İnter” üçün isə bu layihə uzunmüddətli perspektivdə gəlirlərin və Avropadakı rəqabət qabiliyyətinin artırılması baxımından mühüm addım ola bilər.
saytlarin hazirlanmasi
